Yeni ailə quran cütlük tək yaşamalıdır, yoxsa ata-ana ilə birlikdə? – PSİXOLOQDAN AÇIQLAMA

“Yeni evlənən cütlüklər evliliklə birlikdə təkcə bir evə deyil, həm də bir-birinə uyğunlaşma mərhələsinə daxil olurlar. Bu da yeni psixoloji vəziyyət yaradır. Bu mərhələdə əsas ehtiyac “mən” kimliyinin “biz” kimliyinə keçidi və formalaşması, eyni zamanda “mən” kimliyinin tamamilə unudulmamasıdır”.
Bu sözləri Sonxeber.az-a psixoloq Samirə Bağırova danışıb.
O, açıqlamasında qeyd edib ki, cütlüklər evliliyin ilkin mərhələsində emosional yaxınlıq və müstəqil qərarvermə bacarığını inkişaf etdirməlidirlər:
“Qısası, bir evdə xoş və mübahisəli məqamlarda bir-birinin xarakterinə uyğunlaşmaları üçün daha dərindən tanıma və ailə olma prosesinə zaman tələb olunur. Bu səbəbdən evliliyin ilkin illərində ayrı yaşamaları daha sağlam hesab olunur. Ata-ana ilə yaşamaq bəzən maddi çətinliklərə, bəzən isə mental dəyərlərə əsasən qərarlaşdırılsa da, təbii ki, psixoloji risklər gözlənilir. Belə ehtimal olduğu halda, birlikdə yaşama qaydaları və rollar əvvəlcədən razılaşdırılmalıdır. Hətta bunu yazılı, hüquqi şəkildə də etmək mümkündür. Psixoloji baxımdan isə əslində ən optimal seçim elə ayrı yaşamaq və qarşılıqlı hörmətlə ailə bağlarını qorumaqdır. Hər kəsin öz evində sərbəst hərəkət etməsi normal olaraq haqqıdır”.



