Vətəndaş şikayəti: Cəlilabadda yanğın səbəbindən Azərişıq ASC-yə ittihamlar

Cəlilabad rayonunda baş vermiş yanğın hadisəsi ilə bağlı redaksiyamıza şikayət daxil olub.
Hadisə rayonun Buravar kəndində kənd sakini Amil Abdullayevə məxsus iki mərtəbəli fərdi yaşayış evində qeydə alınıb. Məlumata görə, yanğın qısa müddətdə bütün evi əhatə edib. Hadisə yerinə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Cəlilabad və Yardımlı rayonlarından olan yanğından mühafizə hissələrinin texnika və canlı qüvvələri cəlb olunub. Yanğının qarşısı alınsa da, ev tamamilə yanaraq yararsız vəziyyətə düşüb.
Bildirilir ki, hadisə zamanı ev sahibi ailəsi ilə birlikdə qonaqlıqda olub və yanğından gec xəbər tutub. Xoşbəxtlikdən, yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.
Bununla yanaşı, məsələ ilə bağlı Sonxeber.az-a müraciət edən vətəndaş yanğının baş verməsində Azərişıq ASC-ni günahlandırır. Şikayətçinin iddiasına görə, evə çəkilmiş və sayğaca qədər uzanan elektrik şnurları yararsız vəziyyətdə olub və həmin xətlərə görə məsuliyyət daşıyan qurum vaxtında dəyişdirmə işləri aparmayıb.
Vətəndaş bildirir ki, aidiyyəti qurum problemli şnurlar barədə məlumatlı olsa da, tədbir görməyib və nəticədə yanğın baş verib. Şikayətçi hesab edir ki, məhz məsuliyyətsizlik ucbatından bir ailə evsiz qalıb.
Qarşı tərəfin də mövqeyini öyrənməyə çalışacağıq.
Mənbə: https://sonxeber.az/388523/celilabadda-aile-evsiz-qaldi-yangina-gore-azerisiq-ittiham-olunur-sikayet



