“Sosial şəbəkələrdə influenserlər tərəfindən təqdim olunan dəbdəbəli həyat gənclərin ailəyə baxışını dəyişdirir” – AÇIQLAMA

Son illərdə şəhərlərdə ailə qurma və boşanma tendensiyaları əhəmiyyətli dəyişikliklər göstərir. Statistik göstəricilər nikahların azalmasını, boşanmaların isə artmasını ortaya qoyur.
Bəs görəsən bu dəyişikliklərin sosial səbəbləri nələrdir?
Sosioloq Mətanət Məmmədova bu barədə Sonxeber.az -a açıqlama verib:
“Bu gün ölkədə nikaha daxil olanların sayı sürətlə azalır. Ekspertlər bunun başlıca səbəblərindən birinin insanların son 10 ildə real həyatdan uzaqlaşıb, virtual aləmə daha çox bağlanması olduğunu bildirir. Sosial şəbəkələrdə bloggerlər və influenserlər tərəfindən təqdim olunan dəbdəbəli həyat görüntüləri gənclərin ailəyə baxışını dəyişdirir. İnsanlar artıq valideynlərindən və ətrafdakı nümunələrdən yox, virtual dünyada gördüklərindən təsirlənir.
Məsələn, sosial şəbəkələrdə tez-tez rast gəlinən “Əvvəl karyera qurun, sonra evlənin” və “Dünyanı gəzin, sonra ailə qurun” tipli mesajlar gəncləri evlilikdən uzaqlaşdırır. Nəticədə, 35 yaşına çatmış hələ də subay olan insanlar az deyil. Bu tendensiya təkcə Azərbaycanda deyil, bütün dünyada müşahidə olunur.
Sosioloqlar vurğulayır ki, virtual dünyada təqdim edilən zəngin və parlaq həyat nümunələri gənclərin ailə içində səbrini və dayanıqlığını zəiflədir. Hər gün restoranlarda yemək, səyahət və çoxsaylı avtomobillər görmək, bir çox gəncin öz həyatından məmnun olmamasına və ailə qurmaqdan çəkinməsinə səbəb olur.
Ekspertlərin fikrincə, dövlət qurumları bu istiqamətdə maarifləndirmə işlərini gücləndirməli, gənclərə real həyatın dəyərlərini anlatmalıdır. Problem yalnız gəncləri əhatə etmir; boşanmalar bütün yaş qruplarında artmaqda davam edir. İnsanların bir-birinə dözə bilməməsi, ailə münasibətlərinin zəifləməsi ölkədə demoqrafik vəziyyətə də mənfi təsir göstərir.
Qısa desək, sosial şəbəkələrdə təqdim olunan illüziya dolu həyat gənclərin real dünyaya adaptasiyasını çətinləşdirir və ailə dəyərlərinə təsirsiz ötüşmür. Bu isə həm fərdi, həm də cəmiyyət səviyyəsində ciddi problemlərə yol açır”.



