"Sosial şəbəkə məhsul yox, hiss satır" - Samirə Bağırova - Admenasi
Sosial

“Sosial şəbəkə məhsul yox, hiss satır” – Samirə Bağırova

Son illər sosial şəbəkələr gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib və burada yayımlanan reklamlar, endirim kampaniyaları, eləcə də influenser tövsiyələri vətəndaşların alış-veriş vərdişlərinə birbaşa təsir göstərir. Bir çox hallarda insanlar sosial mediada gördüyü məhsulu real ehtiyacı olmadan almağa qərar verir, bu isə impulsiv alış-veriş, sonradan peşmanlıq və maddi çətinliklər kimi hallara yol aça bilir. Bəs bu cür davranışın formalaşmasında hansı psixoloji amillər rol oynayır və insanlar özlərini sosial şəbəkələrin yaratdığı bu təsirdən necə qoruya bilərlər?

Mövzu ilə bağlı Sonxeber.az-a psixoloq Samirə Bağırova danışıb.

O, açıqlamasında qeyd edib ki, cəmiyyətdə insanların böyük faizi özünü başqaları ilə müqayisə edir:

“Başqalarının kənardan “ideal” kimi görünən həyatlarını izləyəndə insanlarda daxili boşluq yaranır və bu çatışmazlığı doldurmaq üçün yenə sosial şəbəkə hərəkətə keçir. Əvvəlcə insanlar özlərini reklam edir, izləyicidə əksiklik hissini oyadır, sonra isə boşluğu doldurmaq üçün hər hansısa məhsulu tərifləməyə başlayırlar.

Ümumiyyətlə, satışla məşğul olanlar, hətta dünya brendləri belə, ələlxüsus insanların psixologiyasını dərindən öyrənirlər. Alış-verişi təşviq etmək və dopamin hormonunu oyatmaq üçün marketoloqlar müxtəlif psixoloji metodlardan istifadə edirlər. Ən sadə misal kimi “Endirim bitir”, “Son 1 ədəd qalıb” kimi mesajlar insanlarda itirmə qorxusunu aktivləşdirir. Belə olduqda məntiq işləmir, mexaniki olaraq impulslar qərar verir.

İnfluenserlərə gəlincə, onlar “səmimi” görünməyə çalışırlar, çünki səmimiyyət sayəsində izləyici sayının artma ehtimalı var. İnsanlar ekran arxasındakı səmimiyyəti doğru zənn edərək yaxınlıq hissi keçirirlər. Hətta onları dost kimi qəbul edənlər də olur. İnfluenserlərin təqdim etdiyi məhsul artıq sadəcə məhsul kimi deyil, süni kimliyi formalaşdıran simvola çevrilir.

Anlamaq lazımdır ki, sosial şəbəkə məhsul satmır, hiss satır. Tövsiyə olunur ki, məhsul almaq istəyi yaranarkən 1-2 gün gözləmək lazımdır. İnsan düşünməlidir: əgər darıxanda, özünü dəyərsiz hiss edəndə, stress zamanı, daxili boşluq içində olanda alış edirsə, müqayisə və ya təsdiq ehtiyacı ilə qərar verirsə, deməli problem məhsulda deyil, emosional boşluqdadır.

İnsan bir şey almadan öncə özünə bir neçə sadə sual verə bilər: Mən bunu hansı ehtiyacıma görə və hansı problemimi həll etmək üçün alıram? Hazırda daxili emosiyalarım hansı vəziyyətdədir? Nağd və ya kartla ödəniş edərkən bu iki üsul məndə hansı hissləri yaradır? Niyə bunu almaq istəyirəm? Almasam nə olacaq? Alternativ yol nədir?

Əgər istək “hamıda var”, “gözəldir”, “dəbdədir”, “endirimdədir” kimi düşüncələrlə yaranıbsa, insan bir az səbir etsə, bu hiss yarandığı kimi sürətlə də sönəcək”.

Mənbə: https://sonxeber.az/388008/sosial-sebeke-mehsul-yox-hiss-satir-samire-bagirova

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button