Restoranın aşpazı boğulmaq üzrə olan körpəni görün necə xilas etdi – VİDEO

Kahramanmaraşda restoranda baş verən hadisə faciənin bir addımlığında dayanıb. Yemək zamanı boğazına yad cisim düşən körpə nəfəs ala bilmədiyi üçün təhlükəli vəziyyətə düşüb. Restoranda çalışan aşpazın operativ müdaxiləsi sayəsində körpənin həyatı xilas edilib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə Kahramanmaraşın Onikişubat rayonunun Şəhid Abdullah Çavuş məhəlləsində yerləşən restoranlardan birində axşam saatlarında baş verib. Məlumata görə, ailəsi ilə birlikdə restoranda olan körpə yemək yeyərkən qəfil nəfəs almaqda çətinlik çəkməyə başlayıb. Körpənin anası təşvişə düşüb, ətrafdakı şəxslər isə qısa müddətli çaşqınlıq yaşayıblar.
Vəziyyəti görən restoranın əməkdaşı, aşpaz Ali Aydoğan dərhal müdaxilə edib. O, körpəni qucağına alaraq düzgün ilk yardım üsulu olan Heimlich manevrasını tətbiq edib və körpənin tənəffüs yolunu bağlayan yad cismin çıxmasına nail olub.
Hadisə anları obyektin təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Müdaxilədən sonra körpənin yenidən nəfəs almağa başlaması ailə üzvləri və restorandakı müştərilər tərəfindən rahatlıqla qarşılanıb. Hadisə yerinə çağırılan tibb işçilərinin müayinəsindən sonra körpənin sağlamlıq vəziyyətinin yaxşı olduğu bildirilib.
Baş verənlərlə bağlı danışan Ali Aydoğan oxşar hallarda panikaya qapılmamağın vacibliyini vurğulayıb. O bildirib ki, boğulma zamanı körpənin ağzına barmaq salmaq yad cismin daha da dərinləşməsinə səbəb ola bilər və düzgün ilk yardım bilikləri həyat qurtarır.
Körpənin ailəsi isə vaxtında və düzgün müdaxiləyə görə aşpaza təşəkkür edərək, böyük bir faciənin qarşısının alındığını qeyd edib.
Video ucun menbeyey baxin: https://sonxeber.az/387481/restoranin-aspazi-bogulmaq-uzre-olan-korpeni-gorun-nece-xilas-etdi-video
Mənbə: https://sonxeber.az/387481/restoranin-aspazi-bogulmaq-uzre-olan-korpeni-gorun-nece-xilas-etdi-video



