Rahatlıq bahalaşır: Sifariş platformalarında qiymət artımının pərdəarxası - Admenasi
Sosial

Rahatlıq bahalaşır: Sifariş platformalarında qiymət artımının pərdəarxası

Sifariş platformalarında qiymətlərin artacağı ilə bağlı gözləntilər formalaşıb. Çatdırılma haqları, xidmət komissiyaları və dinamik qiymət siyasəti istifadəçilərin xərclərini artırır. Rahatlıq və sürət vəd edən onlayn sifarişlər getdikcə daha baha başa gələ bilər. Bəs, marketinq baxımından qiymət artımını zəruri edən əsas amillər hansılardır?

Mövzu ilə bağlı Sonxeber.az-a Strateji kommunikasiya üzrə mütəxəssis Səfər Aslanov danışıb.

O, açıqlamasında qeyd edib ki, artımı şərtləndirən bir neçə mümhü səbəb var:

“Son illərdə onlayn sifariş platformaları, xüsusən çatdırılma və qida/logistika xidmətləri qlobal bazarda istifadəçi davranışını ciddi şəkildə dəyişib. Bu xidmətlər rahatlıq və sürət təklif etdikləri üçün gündəlik həyatın bir hissəsinə çevrilib.
Lakin istifadəçilər indi bu xidmətlərin daha baha olduğunu hiss edirlər. Xidmət komissiyaları və çatdırılma haqları sistematik şəkildə artır.
Artımı şərtləndirən bir neçə mümhü səbəb var. Onlardan biri çatdırılma və logistika xərclərinin artmasıdır. Onlayn sifariş platformaları üçün çatdırılma logistics (kuryer xidməti, yanacaq, sürücü ödənişləri və logistika dəstəyi) böyük xərc elementidir. Bu xərclər zamanla artdıqca platformalar onları istifadəçilərdən almağa çalışır. Bu artım sadəcə xərci əhatə etməklə qalmır, həm də vaxt və praktiklik kimi əlavə dəyər təklif edilir və qiymətə yansıdılır.
Digər tərəfdən kommisiya və tərəfdaşlar üçün xərclərdə dəyişiklər müşahidə olunur. Platformalar müştərilərdən başqa, restoranlar və mağazalardan da komissiyalar alır. Bu komissiyalar, bir çox hallarda, restoran və mağazaların öz marjlarını çıxır ki, bu da nəticədə son qiymətə keçə bilir. Aşağı komissiyalar sifariş sayını artırsa da bir çox hallarda platformaların mənfəətini kompensasiya etmir”.

Ekspert onu da vurğuladı ki, platformalar dinamik qiymət siyasəti və alqoritm əsaslı qiymət fərqliliyi tətbiq edirlər:

“Tələb və təklifə əsaslanan dinamik qiymət siyasəti bir çox tətbiqdə artıq standartdır. Bu modeldə pik saatlar, hava şəraiti və bölge üzrə tələb fərqləri kimi faktorlar qiymətləri dəyişdirir. Böyük onlayn mağazalar və sifariş xidmətləri müəyyən bölgə və vaxtlarda fərqli qiymətlər tətbiq edə bilir, belə ki, bazar dinamikasına görə qiymətlər dəyişir və bəzən eyni məhsul üçün fərqli istifadəçilər fərqli qiymət ala bilir.
Marketinq baxımından bu artımlar sadəcə xərclərin təzminatı deyil, dəyər əsaslı fəaliyyətin bir hissəsidir. İstifadəçi üçün vaxt qazanmaq, rahatlıq və sürətli çatdırılma kimi elementlər ödənilən məbləğin dəyərini artırır.
Beləliklə, platformalar yaxşı təcrübə vədini qiymətləndirir və bunu premium xidmət kimi satır. Marketoloqlar üçün əsas məsələ, istifadəçilərin qiymət artımını sadəcə baha xidmət kimi deyil, qazandırdığı əlavə dəyər ilə qəbul etməsini təmin etməkdir”.

Vüsalə İbrahimli

Mənbə: https://sonxeber.az/387501/rahatliq-bahalasir-sifaris-platformalarinda-qiymet-artiminin-perdearxasi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button