Qaraciyər çatışmazlığı səbəbilə müalicə alan tanınmış aktyor Ufuk Özkan üçün donor tapılıb

Türkiyənin sevilən aktyorlarından olan Ufuk Özkanın səhhəti ilə bağlı sevindirici yeniliklər var.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, qaraciyər çatışmazlığı diaqnozu ilə müalicə alan sənətçinin həm sağlamlıq göstəricilərində yaxşılaşma müşahidə olunub, həm də transplantasiya üçün uyğun donor müəyyən edilib. Donorun bir vaxtlar onunla birlikdə çalışmış operator Salih Kıvırcık olduğu bildirilib.
Aktyorun müalicə olunduğu xəstəxananın orqan nəqli üzrə mütəxəssisi, professor Onur Yaprak açıqlamasında bildirib ki, uyğun donorla bağlı Etik Komitənin razılığı alınıb və əməliyyat üçün gün sayılır: “Uyğun donor üçün Etik Komitənin təsdiqi alınıb, transplantasiya əməliyyatını yaxın günlərdə planlaşdırırıq”.
Prof. Yaprak qeyd edib ki, tətbiq olunan tibbi müalicə Özkanın vəziyyətinə müsbət təsir göstərib: “Ufuk bəy xəstəxanaya yerləşdiriləndə qaraciyər çatışmazlığı göstəricisi – MELD skoru 22 idi. Apardığımız müalicə nəticəsində ümumi vəziyyətində ciddi yaxşılaşma əldə etdik və bu göstəricini 22-dən 14-ə endirməyə nail olduq”.
Eyni zamanda davam edən canlı donor axtarışının da uğurla nəticələndiyi bildirilib. Donor namizədinin aktyorun keçmiş iş yoldaşı olduğu vurğulanıb: “Keçmiş iş yoldaşları arasında könüllü olan ilk namizəd operator Salih Kıvırcık idi. O, Ufuk bəylə daha əvvəl bir serialda birlikdə çalışıb. Aparılan müayinələr nəticəsində anatomik baxımdan uyğun olduğu təsdiqlənib və Etik Komitənin razılığı alınıb”, – deyə professor əlavə edib.
Orqan Nəqli Koordinatoru, tibb üzrə fəlsəfə doktoru Esin Gülkaya Anık isə prosesin hüquqi mərhələlərinin tamamlandığını bildirib: “Ən uyğun donor namizədi olan Salih Kıvırcıkın bütün hüquqi icazə prosedurları yekunlaşıb. Həm resipiyentimiz Ufuk Özkan, həm də donor Salih bəy ilə birlikdə uğurlu əməliyyat üçün hazırlıqlara başlamışıq”.
Həkimlər yaxın günlərdə həyata keçirilməsi planlaşdırılan əməliyyatın uğurla keçəcəyinə ümid etdiklərini bildiriblər.



