“Piylənmənin əsas səbəblərindən biri də stressdir” – PSİXOLOQ

Son illər həm uşaqlar, həm də böyüklər arasında piylənmə halları sürətlə artır. Mütəxəssislər bildirirlər ki, artıq çəki problemi təkcə qeyri-sağlam qidalanma və hərəkətsiz həyat tərzi ilə bağlı deyil, eyni zamanda psixoloji faktorlar da bu prosesdə mühüm rol oynayır. Stress, emosional gərginlik və ailədaxili münasibətlər qidalanma davranışına birbaşa təsir göstərə bilər. Bəs, piylənmənin artmasında psixoloji faktorların rolu nədir və xüsusilə uşaqlarda artıq çəkinin qarşısını almaq üçün valideynlər hansı psixoloji yanaşmaları tətbiq etməlidirlər?
Mövzu ilə bağlı Sonxeber.az psixoloq Samirə Bağırova danışıb.
O, açıqlamasında qeyd edib ki, bu mövzu son zamanların məsələsi deyil:
“Fastfud qidaları ayrıca nəzərə alsaq, elə əvvəllər də “buterbrodlar”, mürəbbəli çörəklər, şirniyyat və xəmir xörəklər həmişə olub. Hətta əvvəllər dieta anlayışı yox idi. Kök insanlara, xüsusən kök xanımlara meyl daha çox idi. Kök kişilər və qadınlar “səviyyəli” hesab olunurdu.
Sadəcə, əvvəllər kök uşaqlara az rast gəlinirdi, çünki fiziki hərəkət aktivliyi çox idi. Məktəblərdə bədən tərbiyəsi ciddi keçirilirdi. Uşağın dərsdən əlavə oyun saatı olurdu və oyunlar fiziki hərəkətlərdən ibarət idi.
Bu gün bunların heç biri yoxdur, ancaq yemək var. Üstəlik, arıqlıq dəbdədir. Dieta mövzuları yayğın olsa da, insanlar köklüyə meyillidir. Demək ki, məsələ fiziki hərəkətsizlikdən əlavə, həm də psixoloji faktorlara bağlıdır.
Bir çox insanlar, eləcə də uşaqlar ac olduqları üçün deyil, özlərini daxilən pis hiss etdikləri üçün yeyirlər. Kədər, tənhalıq hissi, darıxmaq, stress, hərəkətsizlik səbəbindən emosional olaraq, şüursuz şəkildə yeməyə üstünlük verirlər. Bədəndə stress olduğu halda kortizol artır və artdıqca iştahanı da artırır.
Stress, gizli depressiya, gərginlik, boşluq hissi, natamamlıq hissi vəs. kimi daxili və psixoloji narahatlıqlar məktəbdə təzyiqdən, valideyn mübahisələrindən və ya qorxulu mühitdən qaynaqlanaraq bu pozuntuları həm böyüklərdə, həm də uşaqlarda işə sala bilər. Yemək emosional tənzimləmə vasitəsinə çevrilmiş olur.
Uşağın stressinin azalmasına rəsm, fiziki oyunlar, musiqi, qucaqlaşma və valideyni ilə söhbət kömək edir. Böyüklər üçün isə emosional gərginliyin sağlam çıxış yolları ilk növbədə psixoloji dəstək almaq, qida ilə basdırmaq istədiyi hissin adını tanımaq və adlandırmaq, nəfəs məşqləri etmək, sosial ünsiyyət qurmaq, açıq söhbət aparmaq və fiziki hərəkətlərə üstünlük verməkdir.
Köklük problemi təkcə qidalanma və hərəkətsizlik məsələsi deyil. Bu, həm də emosional özünü tənzimləmə bacarıqlarının zəifləməsi, xroniki stress mühiti və həyat ritminin dəyişməsi ilə bağlı kompleks bir prosesdir”.
Vüsalə İbrahimli
Mənbə: https://sonxeber.az/389204/piylenmenin-esas-sebeblerinden-biri-de-stressdir-psixoloq



