Oturaq həyat ölüm riskini artırır? – Alimlərdən vəhdət mühüm nəticə

Onkologiya (xərçəng) diaqnozu qoyulduqdan sonra müntəzəm fiziki aktivlik ölüm riskinin azalması ilə əlaqələndirilir. Beynəlxalq alimlər qrupu yeddi növ xərçəng xəstəliyindən əziyyət çəkən 17 minə qədər insanın məlumatlarını təhlil etdikdən sonra bu nəticəyə gəlib.
Jourlan Oxu.Az-ın xəbərinə görə, araşdırmanın nəticələri “JAMA Network Open” jurnalında dərc olunub.
Məruzəçilər altı böyük, uzunmüddətli araşdırmanın məlumatlarını birləşdirərək iştirakçıların diaqnozdan əvvəl və diaqnozdan orta hesabla 2,8 il sonra fiziki aktivlik səviyyələrini qiymətləndiriblər. Daha sonra xəstələr təxminən 11 il ərzində izlənilib və onların fiziki aktivliyi ilə ölüm riski arasında əlaqə araşdırılıb. Təhlil zamanı nəticələrin daha dəqiq olması üçün yaş, cins, siqaret çəkmə vərdişi və xəstəliyin mərhələsi kimi amillər nəzərə alınıb.
Məlum olub ki, fiziki aktiv olan xəstələrdə bir sıra xərçəng növləri üzrə ölüm riski əhəmiyyətli dərəcədə aşağıdır. Belə ki, ağız boşluğu xərçəngi zamanı ölüm riski 61 faiz, ağciyər xərçəngində 44 faiz, endometriya xərçəngində 38 faiz, sidik kisəsi xərçəngində isə 33 faiz azalıb.
Bundan əlavə, bu müsbət təsir hətta diaqnozdan əvvəl oturaq həyat tərzi keçirən, lakin sonradan müntəzəm idmanla məşğul olmağa başlayan şəxslərdə də müşahidə edilib. Ağciyər xərçəngi olan xəstələrdə ölüm riski 42 faiz, düz bağırsaq xərçəngində isə 49 faiz azalıb.
Müəlliflər vurğulayıblar ki, bəzi xərçəng növləri üçün hətta ortasəviyyəli fiziki aktivlik – həftədə 150 dəqiqədən az hərəkət belə, tam hərəkətsizliklə müqayisədə daha yaxşı nəticə verir.
Tədqiqatçılar səhiyyə işçilərini xərçənglə yaşayan insanlara və müalicədən sonrakı dövrdə dəstəyin bir hissəsi kimi fiziki aktivliyi təşviq etməyə çağırıblar.
Mənbə: https://sonxeber.az/388707/oturaq-heyat-olum-riskini-artirir-alimlerden-muhum-netice



