Odun sobasını yandırmağa çalışan yeniyetmə canından oldu

Muğlanın Seydikemer rayonunda kömür sobasının alovlanması nəticəsində ağır xəsarət alan 11 yaşlı Ceylin Öztürk xəstəxanada vəfat edib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə bir neçə gün əvvəl Seydikemerin Yayla Ceylan məhəlləsində baş verib. Məlumata görə, evdə kömür sobasını alışdırmağa çalışan azyaşlı qızın qarşısında soba qəfil alovlanıb. Nəticədə Ceylin Öztürk üz nahiyəsindən ağır yanıq xəsarətləri alıb.
Yaxınlarının məlumatı əsasında o, əvvəlcə Fethiye Dövlət Xəstəxanasına çatdırılıb. Burada göstərilən ilkin tibbi yardımdan sonra vəziyyəti ağır olduğu üçün Antalya Şəhər Xəstəxanasına köçürülüb.
Həkimlərin bütün səylərinə baxmayaraq, Ceylin Öztürk dünən müalicə aldığı xəstəxanada həyatını itirib. Onun cənazəsinin bu gün Yayla Ceylan məhəlləsində torpağa tapşırılacağı bildirilib.
Mənbə: https://sonxeber.az/387408/odun-sobasini-yandirmaga-calisan-yeniyetme-canindan-oldu



