Norveçdə qədim şəhərdən nadir qızıl üzük tapıldı

Norveçli arxeoloq ölkənin ən qədim şəhəri olan Tensberqdə üzərində parlaq mavi daş olan qədim qızıl üzük aşkar edib.
Oxu.Az xəbər verir ki, bu barədə “Popular Science” nəşri məlumat yayıb.
Arxeoloq Linda Oaheym bildirib ki, bu kəşf regionun sosial strukturunu anlamağa kömək edir və Avropa ticarət yolları ilə mümkün əlaqələri göstərir.
Məlumata görə, eramızın 871-ci ilində qurulan Tensberq şəhərində aparılan qazıntılar zamanı aşkarlanan üzük uzun illərdən sonra belə parıltısını qoruyub saxlayıb.
“Üzük olduqca kiçikdir və yüksək sosial statusa malik bir qadına məxsusdur. Bu tip üzüklər olduqca nadirdir, ona görə də onun varlı bir qadına məxsus olduğunu düşünmək təbiidir”, – deyə arxeoloq bildirib.
Tapıntının yaşı onun aşkar edildiyi torpaq təbəqəsi ilə müəyyən edilir. Bu təbəqə 1167-1269-cu illərə aid bir təbəqənin altında yerləşir. Bu da üzüyün həmin dövrdən əvvələ aid olduğunu göstərir.
Hazırda üzüyün mərkəzindəki daşı müəyyən etmək çətindir. Bu, sapfir, ya da rəngli şüşə ola bilər. Tədqiqatçılar zərgərlik incisinin mənşəyini və Avropa ilə mümkün ticarət əlaqələrini müəyyən etmək üçün araşdırmaları davam etdirirlər.
Mənbə: https://sonxeber.az/385274/norvecde-qedim-seherden-nadir-qizil-uzuk-tapildi



