Nazir müavini: "Transplantasiya xidmətlərinin keyfiyyətini və sayını artırmaq istəyirik" - Admenasi
Sosial

Nazir müavini: “Transplantasiya xidmətlərinin keyfiyyətini və sayını artırmaq istəyirik”

“Meyitdən orqanların köçürülməsi üçün müəyyən ardıcıl işlər görülüb. Transplantasiya ilə bağlı qanunun qəbul edilməsi hüquqi bazanı gücləndirdi. Bizim həkimlər beyin ölümü diaqnozunu qoymaqda çətinlik çəkirdilər. Bunun həlli istiqamətdə nazirlik tərəfindən ciddi addımlar atıldı”.

Oxu.Az xəbər verir ki, bu fikirləri səhiyyə nazirinin müavini Nadir Zeynalov “Qafqazda ilk ürək transplantasiyası: Azərbaycan səhiyyəsinin tarixi nailiyyəti və gələcək perspektivlər” adlı dəyirmi masada səsləndirib.

O bildirib ki, beyin ölümünə dair dəqiq diaqnoz 2024-cü ildən etibarən qoyulmağa başlanıb:

“İlk praktikamız beyin ölümü keçirən şəxslərin ailələri ilə danışmaq oldu. Onlardan orqanların götürülməsi üçün yaxınlarının reaksiyalarını öyrənmək istəyirdik. Bu istiqamətdə müxtəlif maarifləndirmə işləri aparıldı. Bu prosesdə qeyd olunurdu ki, meyitdən orqan verməklə başqalarının həyatını xilas etmək mümkündür.

Ölkəmizdə meyitdən orqanın köçürülməsi ilk dəfə ötən il baş verdi. Bununla ölkəmizdə donor orqanlarının transplantasiyası növbəti mərhələyə keçdi. Bu proses icra olunanda biz düşündük ki, 2025-ci ildə yəqin ki, bir transplantasiya olar. Amma gördük ki, say çoxdur və transplantasiyalar var. Bu o deməkdir ki, həm cəmiyyət düzgün maariflənib, həm də həkimlərimiz prosesi düzgün qavrayıblar. Ötən ilin oktyabr ayında beyin ölümü baş verən pasiyentlər arasında meyitdən ürəyin köçürülməsi məsələsi nəzərdən keçirildi”.

N.Zeynalov vurğulayıb ki, ürəyin köçürülməsində psixoloji və tibbi risk var:

“Ürəyin köçürülməsi insanın psixologiyası üçün möcüzəvi bir hal kimi görünürdü, baryer təsiri bağışlayırdı. Həmçinin digər tibbi risklər diqqətimizdə idi”.

Nazir müavini əlavə edib ki, müxtəlif orqanların köçürülməsini gözləyən pasiyentlər mövcuddur:

“Buna görə də transplantasiya əməliyyatlarının sayının və əlçatanlığının artırılması qarşımızda duran məqsədlərdəndir. Çox güman ki, gələcəkdə transplantasiya əməliyyatlarına ehtiyac olmayacaq. Tibbin inkişafı bunu deməyə imkan verir. Amma bu, çox uzaq gələcəkdir. Ona görə də transplantasiya xidmətlərinin keyfiyyətini və sayını artırmaq istəyirik”.

Mənbə: https://sonxeber.az/386666/nazir-muavini-transplantasiya-xidmetlerinin-keyfiyyetini-ve-sayini-artirmaq-isteyirik

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button