NATO Şimali Avropa və Baltikyanı ölkələrə potensial münaqişə vəziyyətində tövsiyələrini verdi

NATO analitikləri potensial münaqişə vəziyyətində Şimali Avropa və Baltikyanı ölkələrə informasiya məkanında əlaqələndirilmiş hücum hərəkətləri tətbiq etməyə başlamağı tövsiyə ediblər.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu tövsiyə NATO-nun Strateji Kommunikasiya Mükəmməllik Mərkəzinin “Şimal-Baltik bölgəsində informasiya təsirinə qarşı əməliyyatlar” hesabatında yer alıb.
Tədqiqat Danimarka, Estoniya, Finlandiya, İslandiya, Latviya, Litva, Norveç və İsveçdən olan yanaşmaları əhatə edir.
Hesabatın müəllifləri region ölkələrinin “paytaxtlardan gələn əlaqələndirilmiş tvitlərdən” kənara çıxan strategiyalar hazırlamalı olduqlarını vurğulayırlar. Onlar təhdid aktorları tərəfindən potensial eskalasiyaya hazırlıq məqsədilə “düşmən informasiya mühitinə nüfuz etmək üçün əlaqələndirilmiş hücum reaksiyalarına” diqqət yetirməyi tövsiyə edirlər.
Qeyd olunur ki, bu cür işlər NATO, onun planları və prosedurları ilə sıx əməkdaşlıq şəraitində aparılmalıdır.
NATO analitikləri, həmçinin Skandinaviya və Baltikyanı ölkələrə informasiya müharibəsi imkanlarını birgə inkişaf etdirməyi, bu sahədə məsuliyyətləri bölüşdürməyi və müntəzəm birgə təlimlər keçirməyi məsləhət görürlər.



