NASA Aya uçuş missiyasını təxirə saldı

ABŞ-nin Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi (NASA) texniki nasazlıqlar səbəbindən Ay missiyası üçün nəzərdə tutulmuş “Space Launch System” (SLS) daşıyıcı raketini “Orion” kosmik gəmisi ilə birlikdə Floridadakı start meydançasından yenidən yığım sexinə qaytaracaq.
Oxu.Az NASA-nın rəsmi açıqlamasına istinadən xəbər verir ki, ötən gün SLS raketinin aralıq kriogen mühərrik mərhələsində heliumun verilişində pozuntular aşkarlanıb.
Qeyd edək ki, dörd astronavtın Ayın orbiti ətrafında dövrə vuracağı”Artemis II” missiyası martın 6-da işə düşməli idi. Lakin texniki problemlər səbəbindən bu tarix qeyri-müəyyən müddətədək təxirə salınıb.
NASA Artemis” layihəsini 2019-cu ilin yazında elan edib. Üç mərhələdən ibarət olan proqramın birinci mərhələsi (Artemis I”) “Orion” pilotsuz kosmik gəmisinin Ay ətrafında uçuşunu və Yerə qayıdışını nəzərdə tuturdu. Bu uçuş 16 noyabr – 11 dekabr 2022-ci il tarixlərində həyata keçirilib. İkinci mərhələ (“Artemis II”) ekipajlı uçuşla Ay ətrafında dövretməni, üçüncü mərhələ (“Artemis III”) isə astronavtların Ay səthinə endirilməsini planlaşdırır.
Mənbə: https://sonxeber.az/388483/nasa-aya-ucus-missiyasini-texire-saldi



