Milli qadın atletlər yarışın ortasında əlbəyaxa dava etdi

Türkiyə Qapalı Məkan Atletika Çempionatında Tuğba Danışmaz ilə Sedef Çevik arasında baş verən dava yarışı dayandırıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, İstanbulda keçirilən çempionatın üç təkanla tullanma yarışında yaşanan insident səbəbilə yarış yarımçıq saxlanılıb. Milli atletlər Tuğba Danışmaz və Sedef Çevik arasında başlayan mübahisə qısa müddətdə böyüyərək yarış meydançasının ortasında əlbəyaxa davaya çevrilib.
Avropa ikincisi Tuğba Danışmaz ilə Avropa yeddincisi Sedef Çevik arasında hələlik bilinməyən səbəbdən yaranan sözlü mübahisə nəzarətdən çıxıb.
Hadisə yalnız idmançılarla məhdudlaşmayıb. Tuğba Danışmazın meydança kənarında olan sevgilisi, keçmiş atlet Arda Eriş ilə Türkiyə Atletika Federasiyasının Texniki Şurasının sədri Cüneyt Yüksel arasında da yumruqlu dava baş verdiyi bildirilib.
Zalda qarışıqlıq yarandıqdan sonra Türkiyə Atletika Federasiyasının prezidenti Ahmet Karadağ, vitse-prezident Ayşegül Baklacı və ENKA Spor klubunun baş direktoru Ekrem Ay hadisə yerinə gələrək tərəfləri ayırıblar. Məlumata görə, tərəflərin bir-birindən şikayətçi olmadığı qeyd olunub.
Hakimlər heyəti baş verən insidentdən sonra 26 yaşlı Tuğba Danışmaz və 22 yaşlı Sedef Çeviki yarışdan kənarlaşdırıb. Türkiyə Atletika Federasiyasının hadisə ilə bağlı intizam araşdırmasına başladığı, əlavə sanksiyaların da tətbiq oluna biləcəyi bildirilib.
Mənbə: https://sonxeber.az/386882/milli-qadin-atletler-yarisin-ortasinda-elbeyaxa-dava-etdi



