Mediyaya qarşı hücum strategiyası: Trampın informasiya müharibəsi – Mediaya ekspert danışırdı

Donald Trampın siyasətdə yaratdığı ən qalıcı təsirlərdən biri onun mediyaya qarşı açdığı açıq və amansız müharibə oldu. ABŞ tarixində ilk dəfə bir prezident ənənəvi medianı sadəcə tənqid etməklə kifayətlənmədi, onu sistemli şəkildə nüfuzdan salmağa çalışdı. “Yalan xəbər” ifadəsi Tramp dövründə siyasi silaha çevrildi, jurnalistlər isə ictimai marağı qoruyan peşə sahiblərindən çox, düşmən obrazında təqdim olundu. Bu yanaşma təkcə Amerika mediasını deyil, qlobal informasiya mühitini də sarsıtdı. Trampın mediaya qarşı apardığı bu savaş, əslində, söz azadlığı ilə populizm arasında gedən daha böyük mübarizənin açıq təzahürü idi və onun fəsadları bu gün də dünyanın müxtəlif ölkələrində hiss olunur.
Mövzu ilə bağlı media eksperti Emil Cəfərov BiG.AZ-a açıqlamasında bildirdi ki, Donald Trampın mediaya qarşı apardığı mübarizə klassik siyasi tənqid çərçivəsindən çıxaraq açıq informasiya savaşına çevirilib. Onun sözlərinə görə, Tramp ənənəvi medianı hədəfə alaraq öz tərəfdarları üçün alternativ “həqiqət məkanı” yaradıb: “Tramp media ilə savaşmır, medianın etibarını sistemli şəkildə aşındırır. O, jurnalistləri rəqib yox, düşmən kimi təqdim etməklə informasiya xaosunu dərinləşdirir və ictimai fikri parçalayır.
Bu, populizmin mediaya qarşı ən təhlükəli formalarından biridir. Trampın “yalan xəbər” ritorikası təkcə ABŞ mediasına deyil, qlobal informasiya sisteminə də ciddi zərbə vurub və bir çox ölkələrdə avtoritar liderlər üçün hazır modelə çevrilib”.