Məktəb yoldaşları 14 yaşlı qızı döyüb, videoya çəkiblər – VİDEO

Çanaqqalada məktəbli qızın döyülməsi iddiası: Ailə prokurorluğa müraciət edib
Türkiyənin Çanaqqala vilayətində yerləşən bir orta məktəbdə 14 yaşlı şagirdin başqa bir şagird tərəfindən məktəb çıxışında döyüldüyü iddia olunur.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisənin fevralın 3-də Kepez qəsəbəsində baş verdiyi qeyd olunur. İddiaya görə, Hafız Halil Atan Orta Məktəbində fərqli siniflərdə oxuyan 8-ci sinif şagirdləri N.B. və Ş.B.A. bədən tərbiyəsi dərsində aralarında söz-söhbət daşıdığı deyilən bir dostları səbəbindən mübahisə ediblər. Dərsdən sonra məktəb çıxışında yenidən qarşılaşan şagirdlər arasında dava baş verib. Həmin anları isə E.Ş. adlı başqa bir şagird mobil telefonla çəkib.
Hadisədən sonra xəstəxanadan 9 günlük xəsarət arayışı alan N.B.-nin ailəsi hüquqi orqanlara müraciət edib.
Zərərçəkmiş qızın atası Harun B. bildirib ki, qızı 8-ci sinifdə oxuyur və liseyə qəbul imtahanına (LGS) hazırlaşır. Onun sözlərinə görə, hadisə günü son iki dərs bədən tərbiyəsi olub və həmin vaxt digər şagirdlər qızını “çıxışda səni döyəcəyik” deyə hədələyiblər. Qızı vəziyyəti müəllimə desə də, valideynlərə məlumat verilməyib və məktəb rəhbərliyinə də rəsmi şəkildə çatdırılmayıb.
Ata həmçinin bildirib ki, dava anının lentə alınaraq sosial mediada yayılması onları daha çox sarsıdıb: “Görüntülərdə gülərək çəkirlər. Bu, bizi ən çox incidən məqamdır.”
Harun B.-nin sözlərinə görə, qızı hazırda psixoloji travma yaşayır: “Qızım indi məktəbə gedə bilmir. Gecə yatarkən diksinir, yolda gedəndə tez-tez arxasına baxır. Yemək də yemir. Psixoloji problemlər yaranmağa başlayıb.” Ailə qızın psixoloji müalicə alması üçün xəstəxanaya müraciət etdiklərini bildirib.
Valideynlər həm Təhsil Nazirliyinə müəllimlərlə bağlı şikayət etdiklərini, həm də hüquqi orqanlara müraciət etdiklərini vurğulayıblar. Hazırda iş prokurorluq tərəfindən araşdırılır.
Video ucun menbeyey baxin: https://sonxeber.az/387458/mekteb-yoldaslari-14-yasli-qizi-doyub-videoya-cekibler-video
Mənbə: https://sonxeber.az/387458/mekteb-yoldaslari-14-yasli-qizi-doyub-videoya-cekibler-video



