Konsert şousu zamanı 20 metr yüksəklikdən yıxılıb yaralandı, səhnəni tərk etmədi

İspan rep ifaçısı Delaossa Madriddə keçirilən konserti zamanı səhnədə qəza keçirərək yaralanıb.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, hadisə paytaxtdakı Movistar Arenada baş verib.
İspan rep səhnəsinin tanınmış simalarından olan sənətçi konsertin əvvəlində səhnəyə iplərlə enmə şousu nümayiş etdirməyi planlaşdırıb. Lakin təxminən 20 metr yüksəklikdən aşağı endiyi anda təhlükəsizlik kəmərinin qırılması nəticəsində o, sərt şəkildə yerə çırpılıb. Zalda olan tamaşaçıların kameralarına düşən anlar qısa müddətdə panikaya səbəb olub və konsert müvəqqəti dayandırılıb.
Hadisədən dərhal sonra tibb briqadası səhnəyə müdaxilə edib. İlkin müayinə zamanı Delaossanın çiyininin çıxdığı müəyyən edilib. Sənətçinin qolu sarğıya alınıb və ona ağrıkəsici iynə vurulduğu bildirilib.
Baş verənlərə baxmayaraq, Delaossa konserti yarımçıq qoymayıb. Müalicədən sonra yenidən səhnəyə qayıdan ifaçı proqramını davam etdirərək çıxışını başa vurub.



