İşə qəbul prosesində sınaq müddətindən sui-istifadə halları yaşayan işçi hansı hüquqlara malikdir? - AÇIQLAMA - Admenasi
Sosial

İşə qəbul prosesində sınaq müddətindən sui-istifadə halları yaşayan işçi hansı hüquqlara malikdir? – AÇIQLAMA

Azərbaycan qanunvericiliyində sınaq müddəti (probation period) işə qəbul zamanı işçinin peşəkarlığını, müəyyən iş funksiyalarını yerinə yetirmək bacarığını qiymətləndirmək üçün tətbiq olunan hüquqi mexanizmdir.

Bu müddət işəgötürənə və işçiyə qarşılıqlı uyğunluğu yoxlama imkanı verir, lakin sınaq müddətinin sui-istifadə olunması halları da praktikada rast gəlinir.

Bəs görəsən işə qəbul zamanı sınaq müddətindən sui-istifadə halları olurmu və işçi bu dövrdə hansı hüquqlara malikdir?

Hüquqşünas Xanım Yusifova bu barədə Sonxeber.az -a açıqlama verib:

“Azərbaycan hüququna görə işə qəbul zamanı tətbiq olunan sınaq müddəti işçinin peşəkarlığını və vəzifəni icra etmək bacarığını yoxlamaq üçündür və bu müddət əmək müqaviləsində açıq göstərilməlidir. Sınaq müddəti normalda üç aydan çox olmur, altı aya qədər müqavilələr üçün qısa sınaq müddəti də müəyyən edilə bilər; əmək müqaviləsində sınaq müddəti yazılmayıbsa, o müqavilə “sınaq müddəti olmadan” bağlanmış sayılır. Qanun həmçinin bir sıra kateqoriyalara sınaq müddətinin tətbiq edilmədiyini göstərir, məsələn, 18 yaşdan aşağı şəxslər, müsabiqə yolu ilə işə qəbul olunanlar, hamilə və üç yaşdan kiçik uşağı olan valideynlər kimi.

Praktikada bəzi işəgötürənlər bu hüquqi mexanizmdən sui-istifadə etməklə əmək müqaviləsinə xitam vermək üçün əsas kimi göstərə bilərlər. Məsələn, sınaq müddətinin məqsədindən kənar şəxsi münasibət və ya uyğunsuzluq kimi subyektiv səbəblər səsləndirilə bilər ki, bu halda işçi qanunla qorunmalıdır və sınaq müddətinin necə tətbiq olunduğu müqavilədə şərh edilməlidir.

Azərbaycan Əmək Məcəlləsinə görə sınaq müddəti dövründə həm işçi, həm də işəgötürən əmək müqaviləsinə xitam vermək istəyirsə, qarşı tərəfə ən azı üç gün əvvəl yazılı xəbərdarlıq etməlidir. Bu xəbərdarlıq yazılı şəkildə və ya elektron informasiya sistemi vasitəsilə həyata keçirilə bilər.

Sınaq müddəti ərzində işçinin əmək haqqı, iş şəraiti və digər əsas hüquqları normal işçilərlə eyni şəkildə təmin olunmalıdır və qanunsuz ayrı-seçkilik və ya qeyri-qanuni xitam hallarında işçi Əmək Müfəttişliyi Xidməti və ya məhkəməyə müraciət etməklə öz hüquqlarını tələb edə bilər.

Bu çərçivədə, əgər sınaq müddəti hüquqa uyğun tətbiq edilməyibsə və ya sui-istifadə edilibsə, işçi müvafiq dövlət qurumlarına və məhkəmələrə müraciət etməklə öz əmək hüquqlarını müdafiə edə bilər”.

Mənbə: https://sonxeber.az/386912/ise-qebul-prosesinde-sinaq-muddetinden-sui-istifade-hallari-yasayan-isci-hansi-huquqlara-malikdir-aciqlama

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button