İnsanlar niyə məşhur pinqvin videosuna özlərini bənzətdi? – AÇIQLAMA

Son günlər sosial mediada yayılan bir pinqvin videosu minlərlə insanın diqqətini çəkdi. Kadrlar intihara bənzər bir davranış kimi şərh olundu və insanlar həmin pinqvinə “çox güclü idi”, “o, qəhrəmandır”, “özümə oxşatdım” kimi reaksiyalar verdilər.
Əslində isə bu görüntü bir heyvandan çox, insanların öz daxili vəziyyətinə güzgü oldu. Çünki cəmiyyətimizdə “güclü olmaq” çox vaxt hissləri gizlətmək, ağrını udmaq, yorulduğunu deməmək kimi başa düşülür. Və uzun müddət bu maskanı taxan insanlar bir gün səssizcə dağılmağa başlayırlar.
Bəs görəsən insanlar niyə həmin pinqvini qəhrəman adlandırdı?
Psixoloq G.Qədirli bu barədə Sonxeber.az -a açıqlama verib :
“Psixologiyada buna emosional tükənmə deyilir. İnsan davamlı şəkildə öz ehtiyaclarını, kədərini, qorxusunu, incikliyini basdırdıqda daxildə yığılan gərginlik artır. Kənardan sakit, dözümlü, hətta “nümunəvi” görünən bu insanlar əslində təkbaşına ağır yük daşıyırlar. Onlar kömək istəməyi zəiflik sayır, ağlamağı ayıb bilir, “keçər” deyə-deyə özlərini görməzdən gəlirlər.
Belə insanlar adətən birdən-birə dağılmır. Dağılma mərhələli olur. Əvvəlcə emosiyalar keyləşir – insan heç nəyə sevinmir, heç nəyə üzülmür. Sonra fiziki siqnallar başlayır: yuxusuzluq, səbəbsiz yorğunluq, baş və bədən ağrıları. Daha sonra isə daxili boşluq hissi yaranır: “nə üçün yaşayıram?”, “heç kim məni anlamır”, “dayanmağa gücüm qalmayıb” kimi düşüncələr artır. Bu mərhələdə insan hələ də kənara “mən yaxşıyam” mesajı verir, amma daxilində artıq çökmə başlayıb.
Ən təhlükəli məqam isə odur ki, daim güclü görünən insanlar ətrafdakılardan dəstək istəməkdə ən çox çətinlik çəkənlərdir. Çünki hamı onları dayaq kimi görür. Halbuki dayaqların da dayaqa ehtiyacı olur. Onlar adətən ciddi bir hadisədən sonra yox, uzun müddət yığılan səssiz yorğunluğun nəticəsində dağılırlar.
Psixoloji baxımdan insanın davamlı güclü qalması mümkün deyil. Sağlam psixika üçün zəiflik anları da lazımdır – ağlamaq, şikayət etmək, kömək istəmək, “mən bacarmıram” demək lazımdır. Güc, hər şeyi tək daşımaq deyil. Əsl güc, daşıya bilmədiyini etiraf edə bilməkdir.
O pinqvin videosuna insanlar niyə özlərini bənzətdi? Çünki bir çox insan səssiz mübarizə aparır. Gülür, işləyir, qayğı göstərir, amma daxilində yorulub. Bu səbəbdən cəmiyyət olaraq “güclü ol” demək əvəzinə, bir-birimizə daha çox “yorulmusan?” deməyi öyrənməliyik. Çünki insanı dağıdan birdəfəlik fırtına yox, uzun sürən səssiz qasırğadır”.
Video ucun menbeyey baxin: https://sonxeber.az/386268/insanlar-niye-meshur-pinqvin-videosuna-ozlerini-benzetdi-aciqlama
Mənbə: https://sonxeber.az/386268/insanlar-niye-meshur-pinqvin-videosuna-ozlerini-benzetdi-aciqlama



