İnsan niyə “səhv” olduğunu bildiyi birini seçir? – AÇIQLAMA

Bəzən kənardan baxanda çox aydın görünür: “Bu insan sənə uyğun deyil”, “Səni üzəcək”, “Bu münasibətin sonu yaxşı olmayacaq.” Amma qəribədir ki, insan bunu özü də bildiyi halda yenə də həmin adama tərəf gedir. Məntiq “yox” deyir, ürək isə israrla “bəlkə…” pıçıldayır. Bu ziddiyyət zəiflik deyil insan psixologiyasının çox dərin və mürəkkəb tərəflərindən biridir. Bəs görəsən bunun səbəbi nədir?
Psixoloq G.Qədirli bu barədə Sonxeber.az -a açıqlama verib:
“İnsanın səhv olduğunu bildiyi birini seçməsi çox vaxt şüurlu qərardan çox, şüuraltı ehtiyaclarla bağlı olur. Əvvəlcə, tanış ağrı naməlum xoşbəxtlikdən daha təhlükəsiz gəlir. İnsan beyni tanış olan emosional mühiti “normal” kimi qəbul edir. Uşaqlıqdan öyrəşdiyimiz sevgi dili necə olubsa – soyuq, məsafəli, laqeyd, ya da dəyişkən – böyüyəndə də bizə elə münasibət göstərən insanlara çəkilə bilirik. Çünki bu hiss bizə qəribə də olsa, doğma gəlir.
İkinci səbəb özünədəyər hissinin aşağı olmasıdır. İnsan içində dərinlikdə “mən daha yaxşısına layiq deyiləm” inancı daşıyırsa, ona həqiqətən yaxşı davranan biri narahatlıq yarada bilər. Sağlam sevgi sakitdir, dram yoxdur. Amma travmaya öyrəşmiş psixika üçün sakitlik “sevgi deyil” kimi hiss oluna bilər. Ona görə də insan onu incidəcəyini bildiyi halda belə, emosional dalğalanma yaradan birinə yönəlir.
Digər vacib məqam “mən onu dəyişərəm” illüziyasıdır. Bu, xüsusilə empatik və qayğıkeş insanlarda olur. Qarşı tərəfin potensialını görürlər, reallığını yox. Onu xilas etmək, düzəltmək, sağaltmaq istəyirlər. Bu zaman münasibət sevgi yox, missiyaya çevrilir.
Bir də tək qalmaq qorxusu var. Bəzən insan səhv adamla olmağı, heç kimlə olmamaqdan daha az qorxulu hesab edir. Bu qorxu o qədər güclü olur ki, beyin riskləri kiçildir, ürək isə ümid istehsal etməyə davam edir.
Nəhayət, emosional asılılıq. Bəzi insanlar bizdə güclü kimyəvi və emosional reaksiya yaradır – həyəcan, həsrət, qeyri-müəyyənlik. Bu hisslər sevgi ilə qarışdırıla bilir. Halbuki çox vaxt bu, bağlanma travmasının aktivləşməsidir, sağlam sevgi yox.
Yəni insanın “səhv” olduğunu bildiyi birini seçməsi axmaqlıq deyil. Bu, çox vaxt sağalmamış yaraların, öyrənilmiş sevgi modellərinin və dərin qorxuların nəticəsidir”
Mənbə: https://sonxeber.az/386993/insan-niye-sehv-oldugunu-bildiyi-birini-secir-aciqlama



