İkipilləli elmi dərəcə sisteminin ləğvi Azərbaycan elmi üçün nə vəd edir - keyfiyyət artımı, yoxsa risklər? - AÇIQLAMA - Admenasi
Sosial

İkipilləli elmi dərəcə sisteminin ləğvi Azərbaycan elmi üçün nə vəd edir – keyfiyyət artımı, yoxsa risklər? – AÇIQLAMA

Milli Məclisdə təhsil haqqında yeni qanun layihəsinin hazırlanması və müzakirəyə çıxarılması təklif olunub.

Sonxeber.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vasif Qafarov parlamentin Elm və təhsil komitəsinin keçirilən iclasında deyib.

O qeyd edib ki, yeni qanun müasir çağırışları, rəqəmsallaşmanı, beynəlxalq təhsil məkanına inteqrasiyanı və akademik azadlıqları nəzərə almalıdır:

“Mövcud qanunvericilik təhsil sistemində baş verən sürətli dəyişiklikləri tam əks etdirmədiyindən, yeni qanun konseptual xarakter daşımalı və sistemli islahatlar üçün hüquqi baza formalaşdırmalıdır. Xüsusilə, elmi dərəcələrin verilməsi sahəsində mövcud iki pilləli müdafiə sisteminin (fəlsəfə doktoru və elmlər doktoru) beynəlxalq təcrübəyə uyğun olmamasını nəzərə alaraq, bu mexanizmin mərhələli şəkildə ləğv edilməsi və vahid doktorluq dərəcəsi modelinə keçid edilməsi məsələsinə baxılmasını məqsədəuyğun hesab edirəm.

Deputat vurğulayıb ki, Azərbaycanda sovet təhsil sisteminin qalığı olan ikipilləli müdafiə sistemi hələ də saxlanılıb:

“30 ildən çoxdur ki, Avropa təhsil sisteminə keçmişik, bakalavr və magistr təhsil pillələrini tətbiq etmişik. Bununla yanaşı, sovet təhsil sisteminin qalığı olan ikipilləli müdafiə sistemini də saxlamışıq. Bu 30 ildən artıq müddət ərzində kitab kimi nəşr olunan, istinad edilən bir dənə də magistr dissertasiyası ortaya çıxarılmayıb. Magistrın yazdığı dissertasiya elmə hansısa bir töhfə vermirsə, o zaman sual olunur, bu dissertasiya nə üçün yazılır?”

V.Qafarov hazırda əsas etibarilə vaxt itkisini xatırladan magistratura mərhələsini hazırkı fəlsəfə doktoru hazırlığı üzrə doktorantura səviyyəsində gücləndirməyi təklif edib:

“Elmi dərəcələrin və elmi adların verilməsi də hazırda ümumilikdə 4 mərhələdən ibarətdir. Bu mərhələlərin hər biri tədqiqatçının ən azı 4-5 və ya 6-7, bəzi hallarda 8-10 ilini alır. Tədqiqatçı bu mərhələləri bitirəndə artıq təqaüd yaşına çatır. Dünyada qəbul olunan norma bundan ibarətdir ki, tədqiqatçı ən geci 40-45 yaşına kimi bütün elmi mərhələləri keçib bir alim kimi tam formalaşmalı və bundan sonrakı dövrdə professor kimi elmə və təhsilə xidmət etməli, kadr hazırlığı ilə məşğul olmalıdır. Bizdə isə elm yolunda olan mərhələlər həm çoxdur, həm də bürokratik proses çox ağırdır”.

Bəs görəsən deputatın təklif etdiyi kimi, ikipilləli elmi dərəcə sisteminin (fəlsəfə doktoru və elmlər doktoru) ləğvi Azərbaycan elmi üçün nə vəd edir – keyfiyyət artımı, yoxsa risklər?

Məsələ ilə bağlı Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri Sonxeber.az -a açıqlama verib:

“Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Vasif Qafarov tərəfindən səsləndirilən fikirlərlə tamamilə razıyam. Onların nəinki ideya, təklif olaraq səslənməsi, hətta tətbiq mərhələsinə keçməsində belə gecikirik. Təhsillə bağlı modern dünya trendlərinin ölkəmizdə də uğurlu tətbiqinə sözsüz ki, böyük ehtiyac var. Hazırda ikipilləli müdafiə sistemi, elmi dərəcə və adların 4 mərhələdən sonra verilməsi həqiqətən də elmi mühitə olan münasibəti bir çox gənclər üçün xeyli dərəcədə soyudub. Elmi mühitin mürəkkəb, ziqzaqlı prinsiplərlə zənginliyi modern dünyanın elmi-tədqiqat prinsipləri ilə uyuşmur. Hazırda rəqəmsal texnologiyalar, onlayn tədris forması hər bir yerli gəncdə dünyanın istənilən nöqtəsi ilə təmasda olmaq, özünü inkişaf etdirmək şansı qazandırır. Bir yandan əlindəki mobil cihazın onu dünyanın akademik mühitinə bağlaya bilmək imkanlarını görən, digər tərəfdən isə yerli mühitdə sovet dövründən qalmış müdafiə prosesinin mürəkkəbliyini görən şəxs təbii ki, müəyyən məsələlərdə fərqli qərar verəcəkdir.
Beynəlxalq təhsil məkanına inteqrasiya, təhsilin qloballaşması, rəqəmsal dünyanın təhsillə əlaqəsinin gücləndirilməsi naminə bəzi prinsiplər ya ümumiyyətlə ləğv olunmalı, ya da xeyli dərəcədə reformasiyalara uğramalıdır. Çünki elm həm də zamanın inkişaf tempi ilə tam surətdə ayaqlaşmalıdır. Əks halda o özünün elmilik prinsipini tamamilə itirmiş olar.
Düşünürəm ki, deputat Vasif Qafarovun səsləndirdiyi fikirlər çox peşəkar səviyyədə qabardılan vacibdən də vacib məsələlərdir. Elmimiz hazırda surətdə uduzur. Bu məğlubiyyət isə məhz həmin bu kimi təkliflərin gələcəkdə tətbiqindən sonra getdikcə aradan qalxa biləcəkdir”.

Mənbə: https://sonxeber.az/386265/ikipilleli-elmi-derece-sisteminin-legvi-azerbaycan-elmi-ucun-ne-ved-edir-keyfiyyet-artimi-yoxsa-riskler-aciqlama

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button