"Heyvanlarla münasibət insana güvən hissi verir və xəyal qırıqlığı yaşamaq ehtimalını azaldır" - PSIXOLOQ - Admenasi
Sosial

“Heyvanlarla münasibət insana güvən hissi verir və xəyal qırıqlığı yaşamaq ehtimalını azaldır” – PSIXOLOQ

İnsan-heyvan münasibətləri təkcə sevgi və qayğı ilə məhdudlaşmır, bu bağın arxasında güclü psixoloji səbəblər dayanır. Bir çox insan üçün heyvanlar sadəcə evdə saxlanılan canlılar deyil, dost, sirdaş və emosional dayaq rolunu oynayır.

Bəs görəsən niyə insanlar heyvanları dostları hesab edir?

Psixoloq G.Qədirli bu barədə Sonxeber.az -a açıqlama verib:

“Heyvanların insanları mühakimə etməməsi bu bağın əsas səbəblərindən biridir. İnsan münasibətlərində tənqid, müqayisə və gözləntilər olur, heyvanlarla münasibətdə isə bunlar yoxdur. Bu şərtsiz qəbul insanın özünü olduğu kimi qəbul olunmuş hiss etməsinə kömək edir və daxili rahatlıq yaradır.

Bir çox insan həyatında yaşadığı tənha, stressli və ya emosional boşluq dövrlərində heyvanlarla daha güclü bağ qurur. Heyvanla təmas zamanı beyində sevgi və bağlanma hormonu olan oksitosin artır, bu da narahatlığı azaldır və sakitləşdirici təsir göstərir. Buna görə də heyvanlar bəzən terapiya təsiri yaradır.

İnsan münasibətləri mürəkkəb, dəyişkən və emosional risklərlə dolu ola bilər. Heyvanlarla münasibət isə daha sadə və proqnozlaşdırılandır. Bu sabitlik insana güvən hissi verir və xəyal qırıqlığı yaşamaq ehtimalını azaldır. Xüsusilə emosional olaraq incinmiş və ya münasibətlərdə məyus olmuş insanlar üçün bu çox önəmlidir.

Heyvanlara qayğı göstərmək empati, məsuliyyət və faydalı olma hissini gücləndirir. İnsan özünü kiməsə lazım olan biri kimi hiss edir və bu, öz dəyər hissini artırır. Bəzi hallarda heyvan insanın ifadə edə bilmədiyi duyğularını dolayı yolla ortaya çıxarmağa kömək edir.

Keçmiş travmalar, itkilər və ya emosional zədələr yaşayan insanlar heyvanlarla münasibətdə daha çox rahatlıq tapırlar. Çünki heyvanlar təhlükə mənbəyi deyil və emosional olaraq sadədirlər. Bu səbəbdən insanlar heyvanları dost hesab edir; çünki onlar səssiz anlayış, sabit sevgi və təhlükəsiz bağ təqdim edirlər”.

Mənbə: https://sonxeber.az/385703/heyvanlarla-munasibet-insana-guven-hissi-verir-ve-xeyal-qiriqligi-yasamaq-ehtimalini-azaldir-psixoloq

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button