Hərəkətdə olan avtomobil alov topuna çevrildi – sürücü avtomobilinin yanmasını çarəsizcə seyr etdi

Bursa-İzmir avtomagistralında hərəkətdə olan minik avtomobilində qəfil yanğın baş verib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, ilkin məlumata görə, avtomobilin mühərrik hissəsində yaranan nasazlıq nəticəsində alov qısa zamanda bütün nəqliyyat vasitəsini bürüyüb.
Hadisə zamanı sürücü avtomobili yol kənarına çəkərək özünü xilas edə bilib. Lakin alovların sürətlə yayılması səbəbindən sürücü avtomobilinin yanmasını çarəsiz halda izləmək məcburiyyətində qalıb. Ətrafda olan digər sürücülər dərhal aidiyyəti qurumlara məlumat veriblər.
Hadisə yerinə cəlb olunan yanğınsöndürmə briqadaları alovu nəzarət altına alaraq söndürüb. Yanğın nəticəsində xəsarət alan olmasa da, avtomobil tamamilə yararsız hala düşüb və ciddi maddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır, yanğının dəqiq səbəbləri müəyyənləşdirilir.



