Gizli kameraların alışı və satışı ilə məşğul olanları hansı cəzalar gözləyir? - AÇIQLAMA - Admenasi
Sosial

Gizli kameraların alışı və satışı ilə məşğul olanları hansı cəzalar gözləyir? – AÇIQLAMA

Müasir dövrdə texnologiyanın sürətli inkişafı müşahidə və çəkiliş imkanlarını xeyli asanlaşdırıb. Lakin bu imkanlar şəxsi həyatın toxunulmazlığı, məlumatların məxfiliyi və insan hüquqları ilə toqquşduğu anda hüquqi məsuliyyət məsələsi gündəmə gəlir.

Xüsusilə gizli kameraların satışı və istifadəsi cəmiyyət üçün həssas və hüquqi baxımdan ciddi nəticələr doğuran sahə hesab olunur.

Bəs görəsən gizli kameraları satan və alanları hansı cəzalar gözləyir?

Bu barədə hüquqşünas Xanım Yusifova Sonxeber.az -a açıqlama verib:

“Azərbaycanda gizli kameraların satışı hüquqi baxımdan ciddi məsuliyyət yaradan məsələdir. Qanunvericilik bu cür qurğuları adi təhlükəsizlik kameralarından fərqləndirir. Əgər cihaz gizli şəkildə məlumat toplamaq üçün xüsusi olaraq maskalanıbsa və məxfi məlumat əldə etməyə xidmət edirsə, onun dövriyyəsi artıq cinayət hüququ müstəvisində qiymətləndirilir.

Sanksiyalar əməlin xarakterindən və şəraitindən asılı olaraq dəyişir. Qanunsuz satışa görə cərimə, islah işləri, azadlığın məhdudlaşdırılması və ya iki ilə qədər azadlıqdan məhrumetmə cəzası tətbiq oluna bilər. Əgər əməl təkrar törədilərsə və ya vəzifəli şəxs tərəfindən həyata keçirilərsə, məsuliyyət daha ağırlaşdırıcı hallarla qiymətləndirilə bilər.

İnzibati Xətalar Məcəlləsinin 377-ci maddəsinə əsasən, gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri satış məqsədi olmadan qanunsuz əldə edən şəxslər barəsində həmin vasitələrin müsadirə edilməsi və 200-400 manat məbləğində cərimə tətbiq olunur. Bu vasitələrin qanunsuz istehsalı, satışı və ya satış məqsədilə əldə edilməsi artıq cinayət məsuliyyəti yaradır. Azərbaycan Cinayət Məcəlləsinin 302.3-cü maddəsinə görə, belə əməllərə görə 2000- 5000 manat cərimə, 3 ilədək azadlığın məhdudlaşdırılması və ya 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Bununla yanaşı, gizli kamera vasitəsilə şəxsin razılığı olmadan onun şəxsi və ailə həyatına dair məlumatların toplanması və yayılması ayrıca cinayət tərkibi yaradır. Bu halda məsuliyyət təkcə cinayət hüququ ilə məhdudlaşmır, zərərçəkmiş şəxs mənəvi və maddi zərərin ödənilməsi üçün məhkəməyə müraciət edə bilər”

Mənbə: https://sonxeber.az/387724/gizli-kameralarin-alisi-ve-satisi-ile-mesgul-olanlari-hansi-cezalar-gozleyir-aciqlama

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button