Gecəyarısı qapı zəngi çaldı, keçmiş polis yoxa çıxdı

Bursada gecə yarısı qapı zəngini çalan şəxslə danışmaq üçün aşağı düşən 77 yaşlı təqaüddə olan polis əməkdaşı Əli Fuat Uzunoğlundan bir həftədir xəbər yoxdur. Yaşlı kişinin şübhəli şəkildə itkin düşməsindən sonra polis əməkdaşları genişmiqyaslı araşdırmaya başlayıblar.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə Bursa şəhərinin Osmangazi rayonunun Selamet məhəlləsində baş verib. Üçmərtəbəli binanın üçüncü mərtəbəsində həyat yoldaşı ilə birlikdə yaşayan, 3 uşaq və 5 nəvə sahibi olan 77 yaşlı Əli Fuat Uzunoğlunun yanvarın 29-da gecə saatlarında qapı zəngi çalınıb. Zəngi çalan şəxslə danışmaq üçün aşağı düşən yaşlı kişidən həmin andan sonra bir daha xəbər alınmayıb.
Əli Fuat Uzunoğlunun həyat yoldaşı övladlarına zəng edərək vəziyyət barədə məlumat verdikdən sonra hadisə polisə bildirilib. Hadisə yerində araşdırma aparan hüquq-mühafizə orqanları əməkdaşları yaşlı kişinin izinə düşmək üçün istintaqa başlayıblar. Bildirilir ki, təqaüddə olan polis əməkdaşının tapılması məqsədilə üç ayrı şöbədən xüsusi qruplar araşdırmalara cəlb olunub.
İtkin düşən şəxsin oğlu Murat Uzunoğlu bildirib ki, valideynləri binanın ən üst mərtəbəsində yaşayır, orta mərtəbə boşdur, birinci mərtəbə isə mağaza kimi fəaliyyət göstərir və binada onlardan başqa heç kim yaşamır.
“Zəng çalınanda atam pəncərədən baxıb, amma heç kimi görməyib. Anama ‘kimdir baxıb gəlirəm’ deyərək aşağı düşüb. Biz yalnız onun aşağı endiyini bilirik. Ondan sonra bir daha atamı görmədik. Zəngi kim və ya kimlər çalıb, qapının önündə kim olub, hər hansı avtomobil olub-olmayıb – heç nə məlum deyil. Heç kim heç nə görməyib. Telefonunu da evdə qoyub. Polis evdə axtarılmalı olan hər yeri, aşağıdakı boş mənzili və mağazanı da yoxlayıb, amma atamın izinə hələ də rast gəlinməyib”, – deyə o bildirib.
Murat Uzunoğlu vətəndaşlara da müraciət edərək atasını görən və ya onun harada olması barədə məlumatı olan şəxslərdən 112 Təcili Çağrı Mərkəzinə məlumat vermələrini xahiş edib.
Mənbə: https://sonxeber.az/387056/geceyarisi-qapi-zengi-caldi-kecmis-polis-yoxa-cixdi



