Gənclər arasında saç tökülməsinin artmasında hansı psixoloji faktorlar rol oynayır? – AÇIQLAMA

Son illər gənclər arasında saç tökülməsi halları artmaqdadır və mütəxəssislər bu problemin təkcə tibbi deyil, həm də psixoloji səbəblərlə əlaqəli ola biləcəyini bildirirlər. Bəs, gənclər arasında saç tökülməsinin artmasında psixoloji amillər hansı rolu oynayır və bu problemin qarşısını almaq üçün psixoloji baxımdan nələrə diqqət etmək lazımdır?
Mövzu ilə bağlı Sonxeber.az-a psixoloq Samirə Bağırova danışıb.
O, açıqlamasında qeyd edib ki, gənclər arasında saç tökülməsini artıra biləcək amillərə psixoloji yanaşsaq, bunun bir neçə səbəbi ola bilər:
“Uzun müddətli stress, gərginlik və narahatlıq – imtahan həyəcanı, sosial təzyiqlər, işdə gərginlik, ciddi dietalar və s. – saç tökülməsinə səbəb ola bilər. Digər səbəb insanın daxilindəki depressiv və ya emosional boşluq kimi hallar, bədəndə bəzi funksiyaların pozulmasına yol açır ki, bu funksiyalardan biri də məhz saç toxumalarına aiddir.
Saçsız qalmaq və ya keçəlləşmə qorxusu da tökülməni tətikləyə bilər. Son zamanlarda sıx-sıx rast gəlinən trikotillomaniya davranış pozuntuları hal-hazırda yayğındır. Belə ki, bəzi yeniyetmələr və gənclər stress zamanı saç, qaş və kiprik yolma kimi davranışlar göstərirlər, bu da nəticə etibarilə fiziki olaraq çox sayda tük itkisinə səbəb olur.
Qarşısını almaq üçün, əlbəttə ki, çevrədə və yaxında kimsə bu sindromu fərqinə varmalı və ya insan düşünürsə ki, səbəbsiz saçları tökülür, psixoloji dəstək və terapiyalara yönləndirmək tövsiyə olunur. Psixoloji savadlanma, emosiyaları idarə etmək üçün psixoloji dəstək və ya terapiyaları artıq həyat tərzinə çevirmək mütləqdir. İnsanlar başa düşməlidirlər ki, psixoloqa müraciət yalnız müzakirə məqsədilə baş vermir. Bu, fərdin həyat tərzinin bir hissəsi, şəxsi psixoloji savadının inkişaf etdirilməsi və emosional-fikri vəziyyətinə davamlı qayğı göstərilməsi prosesidir.
İnsan öz düşüncələrinə, emosiyalarına və psixoloji sağlamlığına indidən diqqət yetirməklə gələcəkdə yaşlılığını daha rahat və balanslı keçirə, həm də öz ayaqları üzərində arzu və hədəflərinə doğru davam edə bilər. Ruhun və ağılın yaşı yoxdur. Amma bəzən həyat qayğıları çoxala bilər və əgər düşüncələr, emosiyalar kontrolsuz qalarsa, bu, həm ruha, həm də ağla təsirsiz ötüşmür və həyat keyfiyyətini azalda bilər”.


