Gənc ailələr övladlarına niyə daha çox xarici adlar seçirlər? - SOSİOLOQ - Admenasi
Sosial

Gənc ailələr övladlarına niyə daha çox xarici adlar seçirlər? – SOSİOLOQ

“Son illərdə uşaqlara verilən adların getdikcə “qloballaşması” təsadüf deyil. İnsanlar artıq öz kimliklərini təkcə ailə və lokal mədəniyyət üzərindən yox, qlobal məkanda önəm və keçərlilik daşıyan dəyərlər üzərindən qururlar. Bu səbəblə, övladlarına da ad seçərkən o yeni dəyərlərə istinad edirlər. Nəzərə alsaq ki, ad seçimi sadəcə estetik qərar deyil, həm də sosial status və kimlik iddiasıdır, o zaman bu tendensiya daha da anlaşılan olur”.

Bu sözləri Sonxeber.az-a sosioloq Yusif Nəbiyev danışıb.

O, açıqlamasında qeyd edib ki, valideyn düşünür ki, övladının adı nə qədər “beynəlxalq” səslənsə, gələcəkdə o qədər çox imkan əldə edəcək:

“Digər tərəfdən, Pyer Bordyönün məşhur simvolik kapital anlayışı da bu davranışı çox yaxşı izah edir. İnsanlar təsadüfi xarici adlar seçmirlər. Ya xarici film və ya əsər qəhrəmanlarının, ya da məşhur simaların adlarını seçirlər. Hansı ki, bu adlar o valiydenlər üçün müəyyən status və simvolika daşımaqdadır. Yəni, bu adlar onların öz aləmlərində bir növ prestij investisiyasıdır. Valideyn düşünür ki, övladının adı nə qədər “beynəlxalq” səslənsə, gələcəkdə o qədər çox imkan əldə edəcək. Eləcə də bu valideynin özü üçün də qürur və fəxr səbəbi olur. “Mənim övladım filankəsin adını daşıyır”. Ya da ki, “baxın, mənim övladım fərqlidir, onun adını siz heç ömrünüzdə eşitməmisiniz!”.

Loru dildə desək, övladlarının CV-sinə hələ qundaqda ikən xal yığmağa başlayırlar. Təbii ki, yenə də təkrar edirəm, “öz aləmlərində”.

Övladlarımıza hansısa yeni bir biznesə, obyektə ad seçərmişcəsinə “kreativ” ad axtarmağımız göstərir ki, identiklik, kimlik fokuslu olmaqdan çıxıb, persona, brend fokuslu rejimə keçid etmişik. Biz artıq uşağa ad yox, “brend” seçirik. Bu da nə qədər acı bir mənzərə olsa da, performans cəmiyyətində olduqca gözlənilən bir tendensiyadır. Cəmiyyətimizdə milli kimlik simvolları zəiflədikcə, adlar da yavaş-yavaş yerli yaddaşdan qopur və daha bəzəkli görünən qlobal variantlara çevrilir”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button