Evlilikdə maddiyyat meyarı: Gənclər niyə gec ailə qurur?

Son illər evlilik anlayışı cəmiyyətdə ciddi transformasiya yaşayır. Əvvəllər ailə qurmaq sevgi, uyğunluq və qarşılıqlı anlayış üzərində formalaşırdısa, bu gün maddi imkanlar bir çox hallarda əsas meyar kimi ön plana çıxır. Gənclər arasında “evim, maşınım, sabit gəlirim olmalıdır” düşüncəsi evliliyin başlanğıc nöqtəsinə çevrilib. Bəs bu dəyişimin səbəbi nədir? Maddiyyat doğrudanmı ailə xoşbəxtliyinin açarıdır, yoxsa bu, cəmiyyətin yaratdığı bir təzyiqdir?
Mövzu ilə bağlı Sonxeber.az-a Sosioloq Mail Yaqub danışıb.
O, açıqlamasında qeyd edib ki, dəyişimin əsas səbəbi müasir həyat tərzidir:
“Sosial şəbəkələrin yayılması, internetin vüsət alması insanların həyata baxışını dəyişib. Artıq həyat standartları fərqlidir. İnsanlar ailə qurmaq üçün ev, maşın və yüksək maaş tələb edirlər. Lakin bunlara 3-5 il ərzində nail olmaq mümkün deyil. Nəticədə evlilik yaşı artır. Tendensiya həm oğlanlar, həm də qızlar arasında müşahidə olunur.
Qızlar ailə qurarkən həyat yoldaşının evinin, maşınının və sabit işinin olmasını istəyirlər. 25-26 yaşlı bir gənc üçün isə bunlar asanlıqla əldə olunan şeylər deyil. Adətən belə imkanlar 5-10 il ərzində formalaşır.
Təəssüf ki, gənclər gözləntilərini həddindən artıq yüksəldirlər və bu da evlilik yaşının artmasına səbəb olur. Çıxış yolu nədir? Bir qədər sadələşmək və gözləntiləri real səviyyədə saxlamaq lazımdır. Ailədə əsas olan sevgi, məhəbbət, istilik və hörmətdir.
Əlbəttə, oğlanın işi olmalıdır – bu vacib şərtdir. Söhbət məsuliyyətsiz insanlardan getmir. Çalışqan, təhsilli və işi-gücü olan biri olmalıdır. Ancaq maksimum səviyyədə maddi gözləntilər ailə qurmağa maneə yaradır. Hazırda Azərbaycanda orta evlilik yaşı kişilər üçün 30-a, qadınlar üçün isə 25-26-ya çatıb. Bu tendensiya ölkə üçün müsbət vədlər vermir”.
Mənbə: https://sonxeber.az/387575/evlilikde-maddiyyat-meyari-gencler-niye-gec-aile-qurur



