“Ermənistan KTMT-də heç bir formatda iştirak etmir” – Parlament sədri

Ermənistan KTMT-də heç bir formatda iştirak etmir – Parlament sədri
Ermənistan heç bir formatda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) fəaliyyətində iştirak etmir. Bu barədə ölkə parlamentinin sədri Alen Simonyan Factor.am-a verdiyi müsahibədə bildirib.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, o, jurnalistin “Ermənistan təşkilatın üzvü olaraq qalır və qəbul edilən sənədləri imzalayır” fikrinə cavab olaraq qeyd edib:
“Ermənistan heç bir prosesə cəlb olunmayıb və KTMT çərçivəsində heç bir prosedurda iştirak etmir”.
Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan bəyan etmişdi ki, ölkənin KTMT-yə üzvlüyü Yerevanın xarici tərəfdaşlardan silah almasını çətinləşdirib. Onun sözlərinə görə, bəzi ölkələr silah nümunələrinin KTMT-yə üzv dövlətlərin ərazisinə keçə biləcəyindən ehtiyat ediblər.
Daha əvvəl Ermənistanın Xarici Kəşfiyyat Xidməti də açıqlama yayaraq 2026-cı ildə ölkənin KTMT-də üzvlüyünün “dondurulmasının” aradan qaldırılmasının gözlənilmədiyini bildirib. Qurumun fikrincə, Ermənistan rəhbərliyinin bu qərarı təşkilatın reputasiyası üçün ciddi çağırışdır.
Mənbə: https://sonxeber.az/386933/ermenistan-ktmt-de-hec-bir-formatda-istirak-etmir-parlament-sedri



