"Emosional keylik çox zaman psixikanın həddindən artıq yüklənməyə qarşı müdafiə reaksiyasıdır" - AÇIQLAMA - Admenasi
Sosial

“Emosional keylik çox zaman psixikanın həddindən artıq yüklənməyə qarşı müdafiə reaksiyasıdır” – AÇIQLAMA

Son dövrlərdə insanlar arasında tez-tez eşidilən ifadələrdən biri də budur: “Heç nə hiss etmirəm”. Nə sevinc var, nə kədər, nə də həyəcan. Sanki insan emosional olaraq sönür.

Kənardan baxanda bu hal soyuqqanlılıq və ya biganəlik kimi görünə bilər.

Bəs görəsən emosional keylik psixikanın özünü qoruma üsuludurmu?

Psixoloq G.Qədirli bu barədə Sonxeber.az -a açıqlama verib:

“Emosional keylik insanın həm müsbət, həm də mənfi hissləri zəif hiss etməsi və ya ümumiyyətlə hiss etməməsi vəziyyətidir. İnsan başa düşür ki, müəyyən situasiyada sevinməli və ya kədərlənməlidir, amma daxilində boşluq olur. Bu hal laqeydlikdən fərqlidir. Laqeyd insan maraqlanmır, emosional keylik yaşayan insan isə hiss etmək istəyir, amma bacarmır.

Emosional keylik çox zaman psixikanın həddindən artıq yüklənməyə qarşı müdafiə reaksiyasıdır. İnsan uzun müddət güclü stressə, travmatik hadisələrə, davamlı emosional ağrıya, itkiyə və ya dərin məyusluğa məruz qaldıqda, beyin bir növ təhlükəsizlik rejiminə keçir. Məqsəd insanı daha çox ağrı hiss etməkdən qorumaqdır. Necə ki bədən ciddi zədə zamanı ağrını bir müddət az hiss etdirə bilər, psixika da eyni şeyi emosiyalarla edir. Yəni bu vəziyyət sanki belə deyir: “Artıq bu qədər hissi daşımaq gücüm qalmayıb.”

Psixika emosiyaları seçərək söndürə bilmir. Ağrını azaltmaq üçün sistemi ümumi şəkildə zəiflədir. Nəticədə kədər azalır, amma sevinc də itir. Qorxu azalır, amma maraq və həvəs də sönür. Ağrı azalır, amma sevgi hissi də zəifləyə bilər. Bu, qısamüddətli dövrdə qoruyucu olsa da, uzun müddət davam edərsə insanın həyat keyfiyyətini ciddi şəkildə aşağı salır.

Heç nədən zövq ala bilməmək, yaxın insanlara qarşı hisslərin azalması, həyatın mənasız görünməsi, “sadəcə yaşayıram” düşüncəsi və ya özünü sanki kənardan izləyirmiş kimi hiss etmək bu vəziyyətin artıq ciddi siqnala çevrildiyini göstərə bilər. Bu hallar depressiya, travma sonrası stress pozuntusu və ya güclü tükənmişlik sindromu ilə əlaqəli ola bilər.

Belə vaxtlarda əsas məqsəd özünü məcburən hiss etdirmək deyil, təhlükəsizlik hissini bərpa etməkdir. İnsan özünü buna görə günahlandırmamalıdır, çünki bu zəiflik deyil, psixikanın müdafiəsidir. Bədəni hərəkətə gətirmək, gündəlik yüngül fiziki aktivlik, bədən duyğularına diqqət yetirmək, güvənilən biri ilə danışmaq faydalı ola bilər. Amma ən önəmlisi odur ki, bu vəziyyət uzun sürərsə, psixoloq dəstəyi almaq vacibdir. Emosional keylik adətən durduq yerdə yaranmır, o, insanın uzun müddət təkbaşına daşıdığı görünməz yükün nəticəsi olur.

Emosional keylik insanın hissiz olması demək deyil. Bu, çox vaxt həddindən artıq hiss etdikdən sonra psixikanın özünü qorumağa çalışmasıdır. Bu hal insanın zəif olduğunu yox, əslində uzun müddət güclü olmağa çalışdığını göstərir. Amma bu müdafiə rejimi uzun sürərsə, artıq kömək istəmək vacibdir. Çünki insan sadəcə ağrısız yaşamağa yox, eyni zamanda canlı hiss etməyə də layiqdir”

Mənbə: https://sonxeber.az/386518/emosional-keylik-cox-zaman-psixikanin-heddinden-artiq-yuklenmeye-qarsi-mudafie-reaksiyasidir-aciqlama

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button