Damdan düşən qar kütləsi gənc qızın ölümünə səbəb oldu

Türkiyənin Bitlis vilayətinin Tatvan rayonunda baş verən faciəli hadisə bir gənc qızın ölümü ilə nəticələnib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, səkidə hərəkət edən 20 yaşlı A.İ. binanın damından qopan qar kütləsinin altında qalaraq ağır xəsarətlər alıb.
Hadisə Tatvan rayonunun Fuar məhəlləsində qeydə alınıb. Məlumata görə, A.İ. səkidə gedərkən qəfil olaraq binanın damından düşən qar kütləsi onun üzərinə aşıb. Ətrafdakıların məlumatı əsasında hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub.
İlkin tibbi yardım göstərildikdən sonra ağır vəziyyətdə xəstəxanaya çatdırılan gənc qız, həkimlərin bütün səylərinə baxmayaraq xilas edilə bilməyib və həyatını itirib.
Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır. Səlahiyyətli qurumlar isə oxşar təhlükələrin qarşısının alınması üçün vətəndaşları diqqətli olmağa çağırıb.
Mənbə: https://sonxeber.az/384677/damdan-dusen-qar-kutlesi-genc-qizin-olumune-sebeb-oldu



