Çörək sexindəki görüntülər ürək bulandırdı! “İlan çıxacaq deyə qorxuram” – VİDEO

Türkiyənin Hatay vilayətinin Dörtyol rayonunda aparılan yoxlamalar zamanı bir çörək sexində insan sağlamlığını təhdid edən ciddi pozuntular üzə çıxıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Dörtyol Bələdiyyə Başçısı Dr. Bahadır Amaçın tapşırıqlarına əsasən, zərərli fəaliyyət göstərən obyektlərə qarşı nəzarət tədbirləri davam etdirilir.
Son yoxlamalar çərçivəsində bələdiyyənin əməkdaşları tərəfindən 4 çörək sexi yoxlanılıb. Yoxlama aparılan obyektlərdən birində istehsal olunan lavaş və pide çörəklərinin normadan aşağı qramajla hazırlandığı müəyyən edilib.
Bundan əlavə, istehsalat sahəsində xarab olmuş məhsullar, sümük parçaları, çoxsaylı həşərat və hörümçəklərin olduğu aşkar olunub. Obyektin gigiyenik vəziyyətinin son dərəcə bərbad olduğu bildirilib.
Zabıta müdiri Ali Avan qarşılaşdıqları mənzərə ilə bağlı sərt açıqlama verərək bildirib:
“Vətəndaşın zəhmətini və pulunu oğurlayırsınız. Mən ilk dəfədir ki, çörəkləri bu qədər az qramajda olan bir sexlə qarşılaşıram. Siz bunu qazanc hesab edirsiniz, amma mən sizin bütün ‘qazancınızı’ cərimələrlə geri alacağam. 10-20 qram deyib keçməyin, bunun qarşılığında sizdən 20-50 min lirə tutulacaq. Bu yeri bağlayıb köhnə əşya sexinə çevirin, daha məntiqlidir. Siçanı keçdim, qorxuram ilan çıxar. Sexdə yataq-yorgan var. Belə şəraitə icazə verə bilmərik.”
Aparılan yoxlamalar zamanı çörək sexlərində gigiyena qaydaları, lisenziya vəziyyəti və məhsulların qramajı ətraflı şəkildə nəzarətə götürülüb. Qanunvericiliyə zidd fəaliyyət göstərən obyektlər barəsində protokollar tərtib olunaraq inzibati cəza tədbirləri başlanıb.
Səlahiyyətli şəxslər qayda pozuntularının təkrarlanacağı halda çörək sexlərinin lisenziyalarının ləğv ediləcəyini bildiriblər. Dörtyol Bələdiyyəsi rəsmiləri isə əhalinin sağlamlığının əsas prioritet olduğunu vurğulayaraq, rayon üzrə yoxlamaların qətiyyətlə davam etdiriləcəyini qeyd ediblər.
Video ucun menbeyey baxin: https://sonxeber.az/384678/corek-sexindeki-goruntuler-urek-bulandirdi-ilan-cixacaq-deye-qorxuram-video



