Bu kəndin adı 23 hərfdən ibarət olması ilə diqqət çəkir!

Türkiyədə rəsmi qeydlərə əsasən ümumilikdə 18 min 215 kənd mövcuddur. Kəndlərin sayına görə ilk sırada 1231 kəndlə Sivas, ən az kəndə sahib il kimi isə 43 kəndlə Yalova yer alır.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin məlumatları əsasında hazırlanan statistikaya görə, kənd sayına görə Sivasdan sonra 1054 kəndlə Kastamonu gəlir. Siyahının sonunda yer alan Yalovanı isə 131 kəndlə Niğde izləyir.
Kənd adları uzunluqlarına görə sıralandıqda isə maraqlı nəticələr ortaya çıxır. Uşak vilayətinin Mərkəz rayonuna bağlı “Halilefendi Çiftliğiköyü” 23 hərflə Türkiyənin ən uzun kənd adı kimi diqqət çəkir. İkinci sırada isə Çanaqqalanın Bayramiç rayonundakı “Koşuburnutürkmenleri” kəndi qərarlaşıb – bu ad 20 hərfdən ibarətdir.
Ən qısa kənd adları da siyahıda yer alır. Bunlar arasında Adıyamanın Kahta rayonundakı “Dut”, Bilecikin Bozüyük rayonundakı “Ece”, Siirtin Şirvan rayonundakı “Oya”, Ardahanın Hanak rayonundakı “Geç”, Afyonkarahisarın Şuhut rayonundakı “Efe” və Zonquldağın Devrek rayonundakı “Bük” kəndləri göstərilir.
Türkiyə xəritəsində mənalarına görə diqqət çəkən kənd adları da az deyil. Məsələn, Çorumun Sungurlu rayonundakı “Bunalan”, “Dertli” və “Asayiş”, Ərzincanın İliç rayonundakı “Çöpler”, Kırşehirin Mucur rayonundakı “Bazlamaç”, Yozqatın Şefaatli rayonundakı “Kaygılı”, Iğdır mərkəzdəki “Panik”, Kütahyanın Şaphane rayonundakı “Gaipler”, Afyonkarahisarın Sandıklı rayonundakı “Ürküt”, Qarsın Kağızman rayonundakı “Çilehane”, Çanaqqalanın Çan rayonundakı “Dondurma”, Bilecikin Gölpazarı rayonundakı “Dokuz” və Sivasın İmranlı rayonundakı “Sinek” kəndləri adları ilə maraq doğurur.
5442 saylı İl İdarəetməsi Qanununa əsasən, yeni kəndin yaradılması və ya yaşayış məntəqəsinin yerinin dəyişdirilməsi müvafiq nazirliklərin rəyi alındıqdan sonra Daxili İşlər Nazirliyinin təsdiqi ilə həyata keçirilir. Eyni qayda kənd adlarının dəyişdirilməsi, kəndlərin birləşdirilməsi və ya ayrılması, eləcə də hər hansı məhəllə və ya yaşayış hissəsinin bir kənddən ayrılaraq başqa kəndə birləşdirilməsi hallarında da tətbiq olunur.
Mənbə: https://sonxeber.az/386805/bu-kendin-adi-23-herfden-ibaret-olmasi-ile-diqqet-cekir



