Bir nəfər axtarılırdı, çoxsayılı insan sümükləri tapıldı - DƏHŞƏTLİ CİNAYƏT - Admenasi
Hadise

Bir nəfər axtarılırdı, çoxsayılı insan sümükləri tapıldı – DƏHŞƏTLİ CİNAYƏT

Türkiyənin Karaman şəhərində 15 il əvvəl itkin düşən gənclə bağlı istintaqda diqqətçəkən tapıntılar üzə çıxıb.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, 2011-ci ilin yanvarında 19 yaşlı Mevlüt Ozan Atlar müəmmalı şəkildə yoxa çıxmışdı. Anası Ayşe Atlar həmin vaxt itkin düşmə ilə bağlı müraciət etsə də, gəncin izinə rast gəlinməmişdi.

2023-cü ildə iş yenidən araşdırılmağa başlanıb. İstintaq zamanı Atlar ilə işlədiyi təsərrüfatın sahibi Kadir Sarıkavak arasında borc məsələsinə görə mübahisə olduğu, Sarıkavakın onu əvvəllər döydüyü müəyyən edilib.

Bu məlumatlardan sonra Sarıkavak ötən ilin fevralında saxlanılaraq həbs edilib və barəsində qəsdən adam öldürmə maddəsi ilə ömürlük həbs tələbi ilə cinayət işi açılıb. Meyit tapılmasa da, iddianamədə Atların Sarıkavak tərəfindən öldürülərək cəsədinin gizlədilmiş ola biləcəyi ehtimalı yer alıb.

Prokurorluğun apardığı araşdırmalar çərçivəsində Sarıkavaka məxsus Yeşildere ərazisindəki fermada qazıntı işləri aparılıb. Tövlənin beton döşəməsinin altında 23 ədəd sümük və xalça parçası aşkar edilib. Sümüklərdən ikisində eyni kişiyə aid DNT profili müəyyənləşdirilsə də, bu nümunələr Mevlüt Ozan Atların ailəsindən götürülən DNT ilə üst-üstə düşməyib. Tapılan qalıqlar üzərində Məhkəmə-Tibbi Ekspertiza qurumunda araşdırmalar davam edir.

İstintaq materiallarında Atların daha əvvəl başqa iki itkin şəxslə bağlı məlumat eşitmiş ola biləcəyi və bu səbəbdən öldürülmüş ola biləcəyi ehtimalı da qeyd olunub. Həmçinin Sarıkavakın telefonunda qanun maddələri, ifadə vermə qaydaları və meyit tapılmadığı halda bəraət alan şəxslərlə bağlı videolar axtardığı müəyyən edilib. O isə bu materialları maraq üçün izlədiyini bildirib.

Mənbə: https://sonxeber.az/386966/bir-nefer-axtarilirdi-coxsayili-insan-sumukleri-tapildi-dehsetli-cinayet

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button