BİG Media Group-un suyu “Genay” MTK tərəfindən qanunsuz olaraq kəsilib

Bakı şəhəri, Aşıq Alı küçəsi 2 ünvanında yerləşən BİG Media Group-un ofisinin su təchizatı binaya xidmət göstərən “Genay” MTK tərəfindən dayandırılıb.
MTK tərəfindən ofisə 560 manat məbləğində borc təqdim olunub və bildirilib ki, bu məbləğ komendant pulu, zibilin atılması və qarajdan istifadə haqqı ilə bağlıdır. Lakin BİG Media olaraq bildiririk ki, ofisimiz qarajdan istifadə etmir və göstərilən xidmətlərdən də yararlanmır.
Buna baxmayaraq, “Genay” MTK tərəfindən əsassız ödəniş tələbi irəli sürülüb və həmin məbləğ ödənilmədiyi üçün ofisimizə suyun təchizatı dayandırılıb. Bu addım açıq şəkildə qanunsuzdur və media qurumuna qarşı təzyiq kimi qiymətləndirilir.
MTK-nın heç bir hüquqi əsas olmadan müxtəlif adlar altında ödəniş tələb etməsi qəbuledilməzdir. Xüsusilə də göstərilməyən xidmətlərə görə pul tələb olunması və bunun qarşılığında su kimi həyati vacib xidmətin kəsilməsi ciddi qanun pozuntusudur.
BİG Media olaraq hesab edirik ki, bu cür addımlar MTK-ların səlahiyyət həddini aşdığını göstərir. Media qurumunun fəaliyyətinə maneə yaradan bu qanunsuz qərarın aradan qaldırılması üçün məsələ ilə bağlı müvafiq qurumlara müraciət olunub.
Mənbə: https://sonxeber.az/389453/big-media-group-un-suyu-genay-mtk-terefinden-qanunsuz-olaraq-kesilib



