Bakı Apellyasiya Məhkəməsi-nin qərarı mübahisə doğurdu: "Çıxarışlı mənzil məhkəmə qətnaməsi ilə əlindən alınıb" - ŞİKAYƏT - Admenasi
Sosial

Bakı Apellyasiya Məhkəməsi-nin qərarı mübahisə doğurdu: “Çıxarışlı mənzil məhkəmə qətnaməsi ilə əlindən alınıb” – ŞİKAYƏT

Azərbaycanda mülkiyyət hüququnun toxunulmazlığı ilə bağlı növbəti qalmaqallı məhkəmə işi ictimai müzakirəyə səbəb olub.

Sonxeber.az -a müraciət edən vətəndaşın şikayətinə görə, dövlət qeydiyyatından keçmiş və çıxarışla təsdiqlənmiş mənzil Bakı Apellyasiya Məhkəməsinin 17 oktyabr 2025-ci il tarixli qətnaməsi ilə faktiki olaraq qanuni sahibinin əlindən alınaraq başqa şəxsə verilib.

İddia olunur ki, mənzil hazırda da rəsmi dövlət reyestrində H.X.X oğlunun adına qeydiyyatdadır və mülkiyyət hüququ qüvvədədir. Buna baxmayaraq, apellyasiya instansiyası qərarı ilə əmlak Baxışova Nüşabə Şahbaz qızının xeyrinə tanınıb.

İddiaçı tələblərini 27 mart 2015-ci il tarixdə “Qarabağ Səyyar İnşaat” MMC ilə bağlandığı bildirilən müqaviləyə əsaslandırıb. Lakin həmin şirkətin direktoru Telman Səlimov sonradan məhz bu bina üzrə mənzillərin qanunsuz satışı ilə bağlı ağır dələduzluq cinayətinə görə məhkum edilib.

Qüvvəyə minmiş cinayət hökmündə göstərilib ki, MMC-nin və onun rəhbərinin sözügedən binada hər hansı mülkiyyət və ya sərəncam hüququ olmayıb. Başqa sözlə, müqaviləni bağlayan tərəf səlahiyyətsiz olub və hüquqi baxımdan həmin əmlak üzərində heç bir hüquqa malik olmayıb.

Şikayət tərəfi bildirir ki, buna baxmayaraq, apellyasiya instansiyası cinayət işi üzrə hökmü, müqavilə bağlayan tərəfin səlahiyyətsiz olmasını və ən əsası, real mülkiyyətçi olan şəxsin çıxarışla təsdiqlənmiş hüququnu lazımi hüquqi qiymətləndirmədən kənarda qoyub.

Məsələ ilə bağlı hüquqşünaslar bildirirlər ki, bu yanaşma Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun toxunulmazlığı prinsipinə zidd kimi qiymətləndirilə bilər. Konstitusiyaya əsasən, mülkiyyət hüququ dövlət tərəfindən qorunur və heç kəs qanunsuz olaraq öz mülkiyyətindən məhrum edilə bilməz.

Onların fikrincə, dövlət qeydiyyatı və çıxarış institutu hüquqi sabitliyin əsas dayaqlarındandır. Əgər çıxarışı olan mülkiyyətçi məhkəmə qərarı ilə əmlakından məhrum edilirsə, bu, gələcəkdə digər vətəndaşlar üçün də risk yarada bilər.

Hazırda iş Azərbaycan Respublikası Ali Məhkəməsi-nin Mülki Kollegiyasının icraatındadır. Kassasiya şikayətinə hakim Elşad Şamayev baxacaq.

Tərəflər və ictimaiyyət Ali Məhkəmənin qanunun aliliyi və hüquqi təhlükəsizlik prinsiplərinə əsaslanan obyektiv qərar verəcəyinə ümid etdiklərini bildirirlər.

Şikayətçi tərəf hesab edir ki, bu iş təkcə bir mənzil mübahisəsi deyil, ümumilikdə Azərbaycanda mülkiyyət hüququnun müdafiəsi və hüquqi sabitliyin qorunması baxımından presedent xarakteri daşıyır.

Mənbə: https://sonxeber.az/387993/baki-apellyasiya-mehkemesi-nin-qerari-mubahise-dogurdu-cixarisli-menzil-mehkeme-qetnamesi-ile-elinden-alinib-sikayet

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button