Azərbaycanda bağçalar məcburi olacaq? - AÇIQLAMA - Admenasi
Sosial

Azərbaycanda bağçalar məcburi olacaq? – AÇIQLAMA

Azərbaycanda 2 milyon 730 min uşaqdan cəmi 40 %-nin məktəbəqədər təhsil müəssisəsinə (bağça) əlçatanlığı var.

Sonxeber.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin rəhbəri Zahid Oruc “Uşaq hüquqları haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı çıxışında deyib.

Komitənin sədri xatırladıb ki, yeni qanun layihəsində uşaq artıq yalnız sosial yardım alan şəxs kimi deyil, sosial təminat hüququna malik hüquqi subyekt kimi tanınıb:

“Yeni qanun layihəsində çətin həyat şəraitində olan uşaqların hüquq və mənafeləri qorunur. Həmçinin yeni sənəddə qeyd edilib ki, valideynlər qarşılıqlı razılıq əsasında uşaqları özlərinin dini əqidəsinə və dinə münasibətinə uyğun tərbiyə edə bilərlər. Layihəyə görə, uşaqların dini tərbiyəsi onların fiziki və psixi sağlamlığına mənfi təsir göstərməməlidir”.

Bəs görəsən Azərbaycanda bağçalar məcburi ola bilərmi?

Sosioloq Mətanət Məmmədova bu barədə Sonxeber.az -a açıqlama verib:

Bu, olduqca müsbət və mütərəqqi bir yanaşmadır ki, uşaq təkcə sosial yardım deyil, eyni zamanda sosial təminat hüququna da malik olur. Bu cür qanunvericilik təşəbbüsü uşaqların sağlamlığının qorunması və keyfiyyətli təhsil alması baxımından təqdirəlayiq addım hesab oluna bilər. Qanunla təsbit olunması o deməkdir ki, sosial dəstəyə ehtiyacı olan uşaqların hüquqlarının reallaşmasına hər hansı maneə yaradılmamalıdır və hər bir uşaq bərabər imkanlara sahib olmalıdır.

Digər tərəfdən, valideynlərin övladlarını öz dini və mənəvi dəyərlərinə uyğun tərbiyə etməsi təbii və cəmiyyət üçün qəbul edilən bir haldır. Hər bir din və inanc sistemi öz daxilində müəyyən mənəvi dəyərlər daşıyır və ailələr adətən bu dəyərləri uşaqlarına ötürürlər. Uşaq hansı mühitdə və hansı inanclara sahib ailədə dünyaya gəlirsə, çox vaxt həmin dünyagörüşü çərçivəsində böyüyür. Bu prosesin uşağın psixoloji sabitliyi və şəxsiyyətinin formalaşması baxımından da əhəmiyyətli rolu var. Ailə ilə dəyərlər arasında kəskin ziddiyyətin olması isə bəzən uşağın daxili dünyasında çaşqınlıq yarada bilər.

Məktəbəqədər təhsilin məcburi olması məsələsinə gəldikdə isə, hazırkı şəraitdə bunun reallaşması çətin görünür. Ölkədə həm dövlət, həm də özəl uşaq bağçaları fəaliyyət göstərsə də, dövlət bağçalarının sayı illər ərzində kifayət qədər artmayıb. Xüsusilə regionlarda və kənd yerlərində bağça çatışmazlığı daha qabarıq hiss olunur. Özəl bağçalar isə ödənişli olduğundan bütün ailələr üçün əlçatan deyil.

Bu səbəbdən, mövcud iqtisadi və infrastruktur imkanlarını nəzərə aldıqda, bütün uşaqlar üçün bağçaya getməyi məcburi etmək real görünmür. Ola bilsin ki, gələcəkdə daha geniş əhatəli sosial və təhsil proqramları hesabına elə bir sistem qurulsun ki, hər bir uşaq məktəbəqədər təhsilə cəlb oluna bilsin. Lakin yaxın perspektiv üçün bu hələlik çətin həyata keçirilə bilən bir hədəf kimi qiymətləndirilə bilər.

Mənbə: https://sonxeber.az/386434/azerbaycanda-bagcalar-mecburi-olacaq-aciqlama

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button