Asena uşaqlıqda gördüyü zorakılıqdan danışdı: “Hər cümə döyülürdüm”

Hazırda müğənni kimi fəaliyyət göstərən türkiyəli məşhur oriyental rəqqasə Asena Uğurkan Erez və Erol Albayrakın proqramında səmimi açıqlamalar verib. O, uşaqlıq illərində nənəsi ilə böyüdüyünü bildirib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, duyğulu anlar yaşayan Asena nənəsini çox sevdiyini desə də, mütəmadi olaraq fiziki zorakılığa məruz qaldığını etiraf edib.
“Hər cümə günü müntəzəm şəkildə döyülürdüm. Evə getmək istəmirdim. Məktəbin tətil olmasını arzulamırdım. Hər uşaq həftəsonunu gözləyirdi, mən isə məktəbdə qalmaq istəyirdim. Cümə günü döyülmək artıq qaydaya çevrilmişdi. Oxlovlar tab gətirmirdi, qırılırdı, yenisini almaq üçün pul verilirdi. Qonşular “boş yerə pul xərcləmə” demişdilər, sonra zoğal ağacından çubuq düzəltdirmişdi”.
Asena həmçinin İbrahim Tatlıseslə 25 illik küsülülüyünə də son qoyduğunu xatırladıb. Uzun illərdən sonra “İbo Show” proqramında barışan sənətçi bu qərarının səbəbini belə izah edib:
“Oraya çıxma səbəbim yüklərimdən azad olmaq idi. Hesabları bağlamaq istəyirdim. Mən heç kimlə küsülü deyiləm, heç kimlə də yarışım yoxdur. Nə hiss etdiyim isə mənə qalsın”.
Mənbə: https://sonxeber.az/387616/asena-usaqliqda-gorduyu-zorakiliqdan-danisdi-her-cume-doyulurdum



