Polis xidmətinə qəbul zamanı tətbiq olunan boy meyarları niyə ölkədəki orta boy göstəricisinə uyğunlaşdırılmır? - AÇIQLAMA - Admenasi
Sosial

Polis xidmətinə qəbul zamanı tətbiq olunan boy meyarları niyə ölkədəki orta boy göstəricisinə uyğunlaşdırılmır? – AÇIQLAMA

“Getdikcə Azərbaycanda yeni nəslin boyu azalır” -bu fikri bir müddət əvvəl Hikmət Məmmədov Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında – yeni “Uşaq hüquqları haqqında” qanun layihəsinin müzakirəsi zamanı səsləndirib.

Deputat bildirib ki, Avropada 21 yaşına çatmış şəxslərin orta boy göstəricisi 179 sm olduğu halda, Azərbaycanda bu rəqəm 162 sm-dir. Onun sözlərinə görə, bunun genetik və sosial izahları ola bilər, lakin ortada statistik fərq mövcuddur.

Burada diqqət çəkən mühüm bir sual yaranır: əgər ölkə üzrə orta boy göstəricisi həqiqətən aşağıdırsa, bəzi dövlət strukturlarında – xüsusilə polis xidmətinə qəbul zamanı tətbiq olunan boy meyarları niyə ümumi antropoloji reallıqla uyğunlaşdırılmır?

Psixoloq Aytən Ələkbərova bu barədə Sonxeber.az -a açıqlama verib:

“2000-ci illərdən sonra gənclərimizin boy artımı ilə bağlı tez-tez müqayisələr aparılır. Reallıq budur ki, Azərbaycan orta boy göstəricisinə malik cəmiyyətlər sırasındadır və genetik potensialı nəzərə almadan hər kəsdən 1,85-1,90 və ya 2 metr boy gözləmək doğru deyil. Hər kəsin fiziki göstəricisi eyni ola bilməz. Necə ki, hər insan istedad və qabiliyyət baxımından fərqlidir, fiziki xüsusiyyətlər də fərqlidir.

Bu məsələ xüsusilə polis və hərbi xidmət kimi peşələrdə boy tələbi ilə bağlı müzakirələrdə daha çox gündəmə gəlir. Polislik ağır, məsuliyyətli və riskli peşədir. Burada yalnız fiziki göstərici deyil, eyni zamanda psixoloji dayanıqlıq, sosial bacarıq, vətənpərvərlik, intizam və məsuliyyət hissi əsas rol oynayır. Uşaqlıqdan idmanla məşğul olan, 18 yaşında hərbi xidmətə yollanan, nizam-intizam içində formalaşan neçə-neçə gənc var ki, boyu 1.75-1.78 aralığında olsa da, bu peşənin öhdəsindən layiqincə gələ biləcək potensiala malikdir.

Təkcə 1 santimetr fərqə görə illərlə arzusunda olduğu peşədən kənarda qalmaq gəncdə ciddi məyusluq yaradır. 23-24 yaşına çatmış bir gəncin “mən bacarmadım” düşüncəsi ilə özünü uğursuz sayması, başqa sahələrə də həvəsinin azalması, hətta ailə qurmaqdan çəkinməsi sosial baxımdan sağlam nəticə deyil. Çünki kişi üçün özünü faydalı, güclü və cəmiyyətə lazım hiss etmək çox önəmlidir. Bu hiss zədələnəndə onun özünə inamı da sarsılır.
Əlbəttə, standartların olması vacibdir. Polis və hərbi sistemdə müəyyən fiziki meyarlar təhlükəsizlik və xidmət keyfiyyəti baxımından qoyulur. Lakin bu meyarlar müəyyən edilərkən ölkənin orta boy göstəricisi, genetik reallığı, idman nailiyyətləri, bioloji və psixoloji hazırlıq səviyyəsi də nəzərə alınmalıdır. Fiziki göstərici ilə yanaşı, namizədin dözümlülüyü, reaksiya sürəti, stresə davamlılığı, intellektual səviyyəsi və sosial davranışı kompleks şəkildə qiymətləndirilməlidir.

Vətən sevgisi formal qaydada öyrədilmir. Bu, daxili inanc və dəyərlər sistemi ilə formalaşır. Necə ki, uşaqları sevməyən biri yaxşı bağça müəllimi ola bilməz, eyni şəkildə vətənə bağlılığı olmayan insan da bu məsuliyyətli formanı layiqincə daşıya bilməz. Bu səbəbdən polis olmaq arzusu olan, bu peşəni həqiqətən sevən, fiziki və psixoloji baxımdan hazır olan gənclərə daha çevik və ədalətli yanaşma tətbiq edilməsi cəmiyyət üçün də faydalı ola bilər.

Orta boy göstəricimizi nəzərə alaraq, 1.75-1.78 aralığında olan, idman hazırlığı və intizamı ilə seçilən gənclərə imkan yaradılması həm sağlam gəncliyin formalaşmasına, həm də gələcəkdə məsuliyyətli ailə başçılarının yetişməsinə töhfə verə bilər. Çünki öz arzusuna çatan, peşəsini sevən və cəmiyyətə faydalı olduğunu hiss edən insan daha sağlam, daha sabit və daha məsuliyyətli həyat qurur.

Bu mövzu geniş və obyektiv müzakirə tələb edir. Standartlar qorunmaqla yanaşı, sosial reallıqlar və gənclərin psixoloji vəziyyəti də nəzərə alınarsa, həm sistem, həm də cəmiyyət qazanmış olar”

Mənbə: https://sonxeber.az/387987/polis-xidmetine-qebul-zamani-tetbiq-olunan-boy-meyarlari-niye-olkedeki-orta-boy-gostericisine-uygunlasdirilmir-aciqlama

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button