Niyə şəkillərimizə fotoşop edirik? – AÇIQLAMA

Müasir dövrdə sosial media insanın özünü təqdimetmə formasını köklü şəkildə dəyişib. Artıq görüntü təkcə xatirə deyil, sosial dəyər, qəbul olunma və təsdiq vasitəsinə çevrilib.
Bu mühitdə vizual standartlar sərtləşdikcə, xüsusilə qadınlar üzərində “ideal görünüş” təzyiqi daha qabarıq hiss olunur. Fotolara aşırı fotoşop tətbiqi də çox vaxt bu psixoloji və sosial mexanizmlərin nəticəsi kimi ortaya çıxır.
Bəs görəsən aşırı fotoşopun psixoloji səbəbləri nələrdir?
Psixoloq G.Qədirli bu barədə Sonxeber.az -a açıqlama verib:
“Fotoya aşırı fotoşop tətbiq etmək çox vaxt estetik seçimdən daha çox daxili narahatlığın göstəricisidir. Qadın özünü başqasının baxış bucağından qiymətləndirməyə başlayanda, güzgüdə gördüyü obrazla paylaşmaq istədiyi obraz arasında fərq yaranır. Bu fərqi aradan qaldırmaq üçün rəqəmsal müdaxilə bir növ “psixoloji qoruyucu mexanizmə” çevrilir. İnsan real görünüşü deyil, qəbul olunacağını düşündüyü versiyanı göstərir.
Burada təsdiq ehtiyacı da mühüm rol oynayır. Bəyənmə, şərh və diqqət beyində mükafat sistemi ilə əlaqəlidir. Daha çox müsbət reaksiya almaq, dəyərli və arzuolunan hiss etmək istəyini gücləndirir. Əgər qadın daxildə özünü yetərli hiss etmirsə və ya keçmişdə görünüşü ilə bağlı tənqid olunubsa, fotoşop vasitəsilə özünü “təhlükəsiz” təqdim etməyə çalışa bilər.
Bəzi hallarda bu davranış münasibətlərdə yaşanan dəyərsizlik hissi ilə də əlaqəli olur. Özünü kifayət qədər seçilməyən, qiymətləndirilməyən və ya diqqət görməyən qadın zahiri görünüş üzərində nəzarəti artıraraq itirdiyi emosional balansı kompensasiya etməyə çalışa bilər. Çünki görünüş üzərində dəyişiklik etmək daha asandır, daxili boşluqla üzləşmək isə daha çətindir.
Estetik redaktə etmək normaldır və bu, hər zaman özgüvən problemi demək deyil. Ancaq insan filtrsiz fotosunu paylaşmaqdan ciddi narahatlıq keçirirsə, öz real simasını qəbul edə bilmirsə, artıq burada özünüqəbul və bədən imici ilə bağlı daha dərin psixoloji proseslərdən danışmaq mümkündür”.
Mənbə: https://sonxeber.az/387736/niye-sekillerimize-fotosop-edirik-aciqlama



