Arıqlamaq üçün əlcək taxdı, Avropa çempionu oldu

Sakaryada 9 il əvvəl arıqlamaq məqsədilə boksa başlayan 23 yaşlı Ece Asudə Ekiz qısa müddətdə böyük uğurlara imza atıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Sakarya Böyükşəhər Bələdiyyəsi İdman Klubunun üzvü olan Ece Asudə Ekiz 9 illik idman yolunda intizamlı məşqləri ilə seçilir. Arıqlamaq üçün başladığı boks idman növündə qısa zamanda uğur qazanan Ekiz bir çox gəncə nümunə olub.
14 yaşında əlcəkləri geyinən və məşqçisi Muhammet Ali Keskinin rəhbərliyi altında hazırlıqlarını davam etdirən idmançı indiyədək 20-dən çox medal qazanıb. 11 dəfə milli formanı geyinən Ekiz 2019-cu ildə qazandığı Avropa çempionluğu ilə böyük uğura imza atıb və həmin yarışda Türkiyənin İstiqlal Marşını səsləndirib.
Boksla tanışlıq hekayəsini və gələcək planlarını bölüşən Ece Asudə Ekiz bildirib ki, 9 il əvvəl bu idmana çəki atmaq məqsədilə başlayıb. Bu günə qədər 100 dəfədən çox rinqə çıxdığını deyən idmançı 2019-cu ildə Avropa çempionu olaraq ölkəsinin himnini səsləndirməyin təsvir olunmaz qürur olduğunu vurğulayıb. Onun sözlərinə görə, hazırda ən böyük arzusu 2028-ci il Olimpiya Oyunlarına qatılaraq bayrağını orada dalğalandırmaqdır.
Mənbə: https://sonxeber.az/387686/ariqlamaq-ucun-elcek-taxdi-avropa-cempionu-oldu



