"14 Fevral" - Hədiyyə qalmaqalı: bahalı hədiyyə istəyən qadınlar haqlıdır, yoxsa bundan boyun qaçıran kişilər? - AÇIQLAMA - Admenasi
Sosial

“14 Fevral” – Hədiyyə qalmaqalı: bahalı hədiyyə istəyən qadınlar haqlıdır, yoxsa bundan boyun qaçıran kişilər? – AÇIQLAMA

Sevgililər Günü yaxınlaşdıqca hədiyyə mövzusu bir çox münasibətdə gözləntilər və müqayisələrlə yüklənir. Qadınlar kişilərdən bahalı hədiyyələr, güllər tələb edir. Kişilərsə bundan boyun qaçırır. Beləliklə münasibətlərdə problemlər yaranır.

Bəs görəsən haqlı olan kimdir? Sosial medianın bu məsələyə nə dərəcədə təsiri var?

Sosioloq Mətanət Məmmədova bu barədə Sonxeber.az -a açıqlama verib:

“Hədiyyə ürəkdən alınmalıdır. Əgər qarşındakı insan hədiyyəni tələb edirsə, bu artıq hədiyyə anlayışından çıxır. Çünki hədiyyənin dəyəri onun qiymətində yox, niyyətindədir. Tələblə alınan bir şey sevinc yox, sadəcə könül almaq üçün edilən məcburi addım olur.

Unutmayaq ki, hədiyyənin kiçiyi-böyüyü yoxdur. Saf hisslər, sevgi və hörmət varsa, bir çiçək belə ən böyük hədiyyəyə çevrilə bilər. Amma maddiyyat mənəviyyatı üstələyəndə, artıq çiçək kifayət etmir, daha böyük, daha bahalı şeylər gözlənilir. Bu düşüncənin formalaşmasında sosial şəbəkələrin də rolu az deyil. Bloggerlərin paylaşdığı bahalı maşınlar, qızıllar, dəbdəbəli sürprizlər insanlarda müqayisə və narazılıq hissi yaradır. İradəsi zəif olanlar isə bu görüntülərə aldanaraq münasibətlərində də eyni şeyləri tələb etməyə başlayırlar.

Problem isə məhz bundan sonra yaranır. Hər kəsin maddi imkanı eyni deyil. Qarşındakı insanın gücü çatmadığı bir hədiyyəni ondan gözləmək münasibətə sevgi yox, gərginlik gətirir. Halbuki verilən hədiyyə böyük də ola bilər, kiçik də – bu, insanın ürəyindən və imkanından asılıdır.

Hədiyyə heç bir münasibətdə inciklik, küskünlük və ya təzyiq səbəbi olmamalıdır. Çünki onların hamısı dünya malıdır. Əsas olan sevgi, anlayış və hörmətdir. Bu gün sevdiyin insanın bahalı hədiyyə almağa imkanı olmaya bilər, amma onun qəlbindəki sevgi sənə yetərincədirsə, bundan qiymətli nə ola bilər? Sabah maddi imkanı artar, istədiyin hər şeyi alar, amma o sevgi əvvəlki kimi qalacaqmı – əsas sual budur.

Ona görə də münasibətləri hədiyyələrin üzərində yox, duyğuların üzərində qurmaq lazımdır. Hədiyyə tələb olunmamalı, içdən gəldiyi üçün verilməlidir. Maddiyyatın mənəviyyatı üstələdiyi yerdə isə artıq dəyərdən danışmaq çətindir.

Sosial şəbəkələrdə gördüyümüz parıltılı görüntülərə aldanıb, real münasibətlərimizə kölgə salmayaq. Çünki həqiqi sevgi qiymət etiketi ilə ölçülmür”.

Mənbə: https://sonxeber.az/387658/14-fevral-hediyye-qalmaqali-bahali-hediyye-isteyen-qadinlar-haqlidir-yoxsa-bundan-boyun-qaciran-kisiler-aciqlama

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button