"Sevgi təkcə hiss deyil, həm də qarşındakının ürək dilini öyrənmək bacarığıdır" - AÇIQLAMA - Admenasi
Sosial

“Sevgi təkcə hiss deyil, həm də qarşındakının ürək dilini öyrənmək bacarığıdır” – AÇIQLAMA

Sevgililər Günü ilə bağlı münasibətlərdə tez-tez belə bir hal müşahidə edilir: qadınlar bu günü daha çox önəmləyir, kişilər isə bəzən məsafəli və ya laqeyd görünür. Bu fərq “kim daha çox sevir” mövzusu deyil, daha çox sevginin necə ifadə edilməsi və emosional ehtiyacların necə yaşanması ilə bağlıdır.

Psixoloq G.Qədirli bu barədə Sonxeber.az -a açıqlama verib:

“Qadınlar münasibətlərdə emosional bağlılıq, xatırlanmaq, dəyər verildiyini hiss etmək kimi simvolik jestlərə daha çox həssas olurlar. Onlar üçün xüsusi günlər – ad günü, tanışlıq ildönümü, Sevgililər Günü – münasibətin canlı olduğunu göstərən emosional işarələrdir. Hədiyyənin qiymətindən çox, “məni düşündü” hissi ön planda olur. Bu, qadın beynində əlaqə və təhlükəsizlik hissini gücləndirir.

Kişilər isə çox vaxt sevgini tarixlərlə yox, davranışla ölçürlər. Onlar üçün sevgi “hər gün yanındayam”, “problem olanda həll edirəm”, “səni qoruyuram” kimi praktik və davamlı hərəkətlərlə ifadə olunur. Bu səbəbdən bəzi kişilər Sevgililər Gününü süni, kommersiya yönümlü və ya məcburi romantika kimi qavraya bilir. Onların düşüncəsində “onsuz da sevirəm, bunu bir günə niyə sıxışdıraq?” məntiqi olur.

Burada bir başqa məqam da gözlənti fərqidir. Qadınlar çox vaxt bu günü emosional yaxınlıq fürsəti kimi görür, kişi isə bunu performans təzyiqi kimi yaşaya bilər – “mütləq sürpriz etməliyəm”, “bəyənməsə nə olacaq?” kimi stress yarana bilər. Stress artdıqca qaçınma davranışı da arta bilir.

Bu fərq sevgidə uyğunsuzluq demək deyil. Sadəcə tərəflərin sevgi dilləri fərqli ola bilər. Biri üçün çiçək romantik jestdir, digəri üçün isə axşam maşını sürüb səni götürmək. Problem günün özündə yox, “mənim sevdiyim kimi sev” gözləntisində başlayır.

Ən sağlam yanaşma budur: Sevgililər Günü kimin üçün vacibdirsə, bunu incitmədən deməlidir. Digər tərəf də bunu özünə hücum kimi yox, partnyorunun emosional ehtiyacı kimi görəndə balans yaranır. Sevgi təkcə hiss deyil, həm də qarşındakının ürək dilini öyrənmək bacarığıdır”.

Mənbə: https://sonxeber.az/387569/sevgi-tekce-hiss-deyil-hem-de-qarsindakinin-urek-dilini-oyrenmek-bacarigidir-aciqlama

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button