“Bu cür hadisələr təsadüfi deyil” – Psixoloqdan ailə və məktəblərə ÇAĞIRIŞ

Xəbər verdiyimiz kimi, bu gün “İdrak” liseyində 10-cu sinif şagirdi ov tüfəngi ilə müəllimə atəş açıb. İnsidenti törədən Ə.Ş. polis əməkdaşları tərəfindən saxlanılıb.
Bu hadisədən sonra belə sual yaranır ki, məktəb mühitində şagird tərəfindən bu cür ağır zorakılıq hadisəsinin baş verməsi hansı psixoloji risk amilləri ilə bağlı ola bilər? Eyni zamanda yeniyetmələrin psixoloji vəziyyətinin vaxtında qiymətləndirilməsi və belə halların qarşısının alınması üçün ailə, məktəb və müvafiq qurumlar hansı mexanizmləri gücləndirməlidir?
Mövzu ilə bağlı Sonxeber.az-a psixoloq Samirə Bağırova danışıb.
O, açıqlamasında qeyd edib ki, bu cür ağır davranışlar adətən tək bir səbəbdən qaynaqlanmır:
“Belə hallar bir neçə risk faktorunun üst-üstə düşməsi nəticəsində baş verir. Səbəblərdən biri yeniyetmənin uzunmüddətli emosional gərginlik keçirməsidir. Güclü qəzəb, dərin inciklik, haqsızlığa uğrama hissi, emosiyaları ifadə edə bilməmək kimi duyğuların yığılması buna səbəb ola bilər.
İkinci əsas səbəb yeniyetmələrdə sosial təcrid və kənarlaşmadır. Yəni lağ edilmə, təhqir və ya zorakılığa məruz qalma (bullying), tənhalıq hissi. Təbii ki, ailə mühiti faktorlarının da böyük rolu vardır. Əgər valideyn sərt və ya laqeyddirsə, evdə davamlı konfliktlər mövcuddursa, nəzarətsizlik və ya həddindən artıq təzyiqli tərbiyə modeli ilə uşaq böyüyürsə, emosional tükənmə və partlama riski qaçılmaz olur.
Ehtimal edilə bilər ki, yeniyetmədə davranış pozuntuları, impulsivlik, aqressiyanı idarə edə bilməmək, dərin depressiya və sair psixoloji problemlər vaxtında aşkarlanmayıb.
Ümumiyyətlə, valideynlər öz davranışlarında aşağıdakılara diqqət etməlidirlər:
1. Uşağın emosional vəziyyəti ilə maraqlanmaq
2. Mühakimə etmədən dinləmək, empatiya yaratmaq
3. Təhlükəli hesab olunan silahları əlçatmaz yerlərdə saxlamaq
4. Uşağın davranışlarında qəfil dəyişikliklər – aqressiya, özünə qapanma, ümidsizlik kimi hallar müşahidə edilərsə, buna diqqət yetirmək və dəstək göstərmək
Məktəblərdə isə psixoloqların aktiv fəaliyyəti təmin edilməli, məktəb-psixoloq-ailə arasında üçtərəfli əməkdaşlıq modeli qurulmalıdır. Məktəb psixoloqları ay ərzində ən azı bir neçə dəfə psixoloji maarifləndirmə seminarları təşkil etməlidirlər. Həm valideynlər, həm müəllimlər, həm də çətin tərbiyə olunan uşaqlarla birgə proqramların həyata keçirilməsi vacibdir”.
Mənbə: https://sonxeber.az/387181/bu-cur-hadiseler-tesadufi-deyil-psixoloqdan-aile-ve-mekteblere-cagiris



