Polis məmuru həyat yoldaşını öldürdü, uşaqların məhkəmədə danışdıqları şok etdi - VİDEO - Admenasi
Hadise

Polis məmuru həyat yoldaşını öldürdü, uşaqların məhkəmədə danışdıqları şok etdi – VİDEO

Aydın vilayətinin Nazilli rayonunda boşanma mərhələsində olduğu həyat yoldaşını tapança ilə qətlə yetirməkdə təqsirləndirilən polis əməkdaşının ağırlaşdırılmış ömürlük həbs cəzası tələbi ilə mühakimə olunduğu iş üzrə məhkəmə prosesi davam edir.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, ailənin kiçik oğlu məhkəmədə bildirib ki, atası daha əvvəl iki dəfə anasına silah tuşlayıb. Böyük qardaş isə atasının anasına fiziki zorakılıq göstərdiyini deyərək, onun “Boşansan səni öldürərəm” sözləri ilə təhdid etdiyini xatırladığını söyləyib.

Hadisə ötən il avqustun 18-də Nazillidə baş verib. İttihama görə, polis əməkdaşı Hüseyn Dərin boşanma ərəfəsində olduğu həyat yoldaşı Burcu Dərinin işlədiyi börek dükanına gəlib. Keçmiş həyat yoldaşını görən iki uşaq anası Burcu Dərin təşvişə düşərək yan tərəfdə yerləşən xırdavat mağazasına qaçıb və kömək istəyib.

Onun ardınca gedən Hüseyn Dərin üzərindəki tapança ilə ard-arda 5 dəfə atəş açıb. Güllələrin dəydiyi Burcu Dərin ağır yaralanıb. Hadisə yerinə çağırılan polis və təcili tibbi yardım briqadaları zərərçəkəni Nazilli Dövlət Xəstəxanasına çatdırsa da, 52 yaşlı qadının həyatını xilas etmək mümkün olmayıb.

Hadisə günü mağazada müştəri olan F.E. də məhkəmədə şahid qismində dindirilib. O bildirib ki, Hüseyn Dərin Burcu Dərini boğazından tutaraq silahı ürəyinə dirəyib və onu zorla mağazanın içinə salıb. Şahidin sözlərinə görə, qadın yalvarsa da, Hüseyn Dərin onun ürək nahiyəsinə iki dəfə atəş açıb, daha sonra darağı masanın üzərinə qoyaraq kresloya oturub.

Təqsirləndirilən şəxsin vəkili isə hadisənin alkoqol qəbulu və borc təzyiqi fonunda qəfil baş verən partlayış olduğunu iddia edərək, cinayətin planlı şəkildə və xüsusi qəddarlıqla törədilməsi ittihamlarını rədd edib. Zərərçəkənin ailəsinin vəkili isə şahid ifadələrinə əsaslanaraq qətlin əvvəlcədən planlaşdırıldığını və təqsirləndirilən şəxsin cəsarət toplamaq üçün spirtli içki qəbul etdiyini bildirib.

Tərəfləri dinləyən məhkəmə heyəti təqsirləndirilən şəxsin həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılmasına, iş materiallarındakı ekspertiza rəylərinin araşdırılmasına qərar verib və növbəti iclası təxirə salıb.

Video ucun menbeyey baxin: https://sonxeber.az/387053/polis-memuru-heyat-yoldasini-oldurdu-usaqlarin-mehkemede-danisdiqlari-sok-etdi-video

Mənbə: https://sonxeber.az/387053/polis-memuru-heyat-yoldasini-oldurdu-usaqlarin-mehkemede-danisdiqlari-sok-etdi-video

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button