İçsəsinə qulaq asdı, itkin düşən yaşlı qadını meşədə tapdı

Türkiyənin Kastamonu vilayətinin Cide rayonunda heyvanlarına baxmaq üçün evdən çıxan və bir müddət sonra itkin düşən yaşlı qadın axtarış-xilasetmə qrupları tərəfindən meşəlik ərazidə halsız vəziyyətdə tapılıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, məlumata görə, qadının geri qayıtmadığını görən yaxınları dərhal aidiyyəti qurumlara məlumat veriblər. Hadisə yerinə polis, jandarma və xilasetmə briqadaları cəlb olunub. Uzun müddət davam edən axtarışlar nəticəsində yaşlı qadının yeri müəyyən edilib.
Axtarışda iştirak edən xilasetmə əməkdaşı Kadir Biçer hadisə ilə bağlı maraqlı detalı bölüşüb. Onun sözlərinə görə, axtarış zamanı geri qayıtmaq istədiyi anda daxilindən gələn bir hiss onu yoluna davam etməyə vadar edib:
“İçimdən bir səs “geri dönmə, davam et” dedi. Bir az irəliləyəndən sonra xalanı ağaca söykənmiş vəziyyətdə gördük”, – deyə o bildirib.
Yaşlı qadına ilkin tibbi yardım göstərilib, daha sonra isə nəzarət məqsədilə xəstəxanaya aparılıb. Onun vəziyyətinin stabil olduğu bildirilir. Hadisə bölgədə böyük sevinc və rahatlıqla qarşılanıb.
Mənbə: https://sonxeber.az/386918/icsesine-qulaq-asdi-itkin-dusen-yasli-qadini-mesede-tapdi



