“ASPENDOS CATERING” şirkəti baş aşpazı qanunsuz şəkildə işdən çıxarıb – ŞİKAYƏT

Gəncə şəhər sakini İsmayılov Təbriz Müslüm oğlu əmək hüquqlarının pozulduğunu iddia edir.
Onun sözlərinə görə, o, “ASPENDOS CATERING” şirkətində rəsmi şəkildə baş aşpaz vəzifəsində çalışıb.
Sonxeber.az -a müraciət edən şikayətçinin bildirdiyinə görə, bazar günü qanuni istirahət günü olub və bu barədə rəhbərliyə əvvəlcədən məlumat verib. Lakin növbəti iş günündə, axşam saatlarında ona işdən azad edildiyi bildirilib.
Təbriz İsmayılov deyir ki, işdən çıxarılmasının səbəbini soruşduqda rəhbərlik konkret hüquqi əsas göstərməyib. Ona yalnız “İki qoçun başı bir qazanda qaynamaz” ifadəsi ilə başqa bir aşpazla aralarında anlaşmazlıq olduğu bildirilib. Şikayətçi hesab edir ki, şəxsi münasibətlər və ya kollektivdaxili uyğunsuzluq rəsmi əmək müqaviləsinə xitam verilməsi üçün qanuni əsas sayıla bilməz.
O bildirir ki, əmək qanunvericiliyinə əsasən, işçinin işdən azad olunması üçün konkret və əsaslandırılmış səbəblər olmalıdır. Təbriz İsmayılov başına gələnlə bağlı aidiyyəti qurumlara müraciət etməyə hazırlaşdığını da qeyd edib.
Məsələ ilə bağlı sözügedən şirkətin əməkdaşları ilə əlaqə saxladıq, lakin onlar suallarımıza cavab verməkdən boyun qaçırdılar.



