Yaşlı adamın kəsilmiş başı meşədən tapıldı

Çorumda itkin düşən 76 yaşlı Ali Osman Kayanın axtarışları zamanı onun parçalanmış meyiti çay yatağında tapılıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Ulukavak məhəlləsində yaşayan Ali Osman Kaya 28 yanvar günü günorta saatlarında evdən çıxıb və ondan bir daha xəbər almaq mümkün olmayıb. Yaxınlarının müraciətindən sonra hüquq-mühafizə orqanları tərəfindən axtarış tədbirləri başladılıb.
Vilayət Polis İdarəsinin Asayiş Şöbəsinin Cinayət Bürosu əməkdaşlarının apardığı araşdırmalar zamanı Kayanın sonuncu dəfə Çatak Təbiət Parkı ərazisində görüldüyü müəyyən edilib. Bundan sonra axtarışlar həmin ərazidə AFAD və jandarma qüvvələrinin dəstəyi ilə genişləndirilib.
Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində Kayanın cansız bədəni zibil torbalarına qoyulmuş və parçalanmış vəziyyətdə çay yatağında tapılıb. Əraziyə baxış zamanı meyitin baş hissəsi ilkin mərhələdə aşkar edilməyib.
Hadisə ilə bağlı saxlanılan şübhəli A.F.K.-nin ifadəsindən sonra ərazidə yenidən axtarış aparılıb. Nəticədə mərhuma aid olduğu ehtimal edilən kəsilmiş baş meşəlik sahədə tapılıb. Hadisə yerinə baxış keçirən istintaq qrupunun araşdırmalarından sonra tapılan baş hissə məhkəmə-tibbi ekspertiza üçün Hitit Universiteti Erol Olçok Tədris və Araşdırma Xəstəxanasının morquna göndərilib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Mənbə: https://sonxeber.az/386879/yasli-adamin-kesilmis-basi-meseden-tapildi



