"Müasir valideynlik institutu artıq "ata işə gedir, ana uşağa baxır" formatından çoxdan çıxıb" - Sosioloq - Admenasi
Sosial

“Müasir valideynlik institutu artıq “ata işə gedir, ana uşağa baxır” formatından çoxdan çıxıb” – Sosioloq

Müasir cəmiyyətdə ailə modeli və valideynlik anlayışı dəyişdikcə övladın tərbiyəsində ana və atanın rolu ilə bağlı yanaşmalar da yenilənir. Ənənəvi olaraq müəyyən vəzifələrin ana və ya ataya aid edilməsi geniş yayılmış olsa da, mütəxəssislər bu bölgünün uşağın psixoloji inkişafına, sosial bacarıqlarına və ailədaxili münasibətlərə birbaşa təsir göstərdiyini vurğulayırlar. Bu baxımdan valideynlər arasında məsuliyyət bölgüsünün necə qurulmalı olduğu aktual müzakirə mövzusuna çevrilib.
Bəs, müasir ailə modelində övladın yetişdirilməsində ana və atanın rol bölgüsü necə balanslaşdırılmalıdır və bu balansın pozulması uşağın sosiallaşmasına hansı mənfi təsirləri göstərə bilər?

Mövzu ilə bağlı Sonxeber.az-a sosioloq Yusif Nəbiyev danışıb.

O, açıqlamasında qeyd edib ki, müasir ailə modeli ənənəvi yanaşmalardan daha çox, elmi əsaslı bilgilərlə idarə olunmağa başlayır:

” Müasir bilgilər bizə göstərir ki, uşağın emosional təhlükəsizliyi və sosial bacarıqları həm ana, həm də atanın aktiv iştirakına bağlıdır. Yəni valideynlər arasında yükün qeyri-bərabər paylaşılması uşağın güvən hissini zədələyə, gələcək münasibətlərində narahatlıq və özünəinam problemləri yarada bilər.

Yəni evdəki balans sadəcə iş bölgüsü üçün yox, uşağın evdən kənardakı gündəlik həyatında qarşılaşdığı problemlər qarşısında qərarvermə bacarığı, sosial bacarıqlar və məsuliyyət hissinin inkişaf üçün də mütləqdir.

Bütün bunlar valideynlərin hər ikisinin iştirakı ilə formalaşır. Ata və ananın fərqli bacarıqları və bilikləri uşağın dünyagörüşünü zənginləşdirir. Əgər bütün məsuliyyət ananın üzərinə düşürsə, bu, uşaqda cinsiyyət rollarına dair də dar və stereotipik təsəvvürlər yarada bilər. Həmçinin, atanın passivliyi uşaqda sosial bacarıqların inkişafını da ləngidən amillərdəndir.

Bütün bunlara görə, artıq əminliklə deyə bilirik ki, müasir valideynlik institutu artıq “ata işə gedir, ana uşağa baxır” formatından çoxdan çıxıb. Artıq yaxşı bilirik ki, valideynlik öhdəlikləri baxımından balanslı rol bölgüsü uşağa yalnız fiziki qayğı vermir, həm də gələcəkdə cəmiyyətdə özünü ifadə etmə bacarığı və emosional dayanıqlılıq qazandırır.

Əks halda, ailə daxilindəki qayğı boşluğu özünü uşağın gələcək sosial həyatında mütləq ki, destruktiv formalarda göstərəcəkdir”.

Mənbə: https://sonxeber.az/386529/muasir-valideynlik-institutu-artiq-ata-ise-gedir-ana-usaga-baxir-formatindan-coxdan-cixib-sosioloq

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button